Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə rəqabətin böyük olacağı əvvəldən gözlənilirdi. Ölkədə 2018-ci ilin prezident seçkisindən sonra aparılan genişmiqyaslı islahatlar, struktur və kadr dəyişiklikləri, bir sözlə, müşahidə olunan yenilənmə cəmiyyətdə ictimai-siyasi fəallığı artırmaya bilməzdi. 

Beləliklə, namizədlərin qeydiyyatı başlar-başlamaz, Mərkəzi Seçki Komissiyasına (MSK) rekord sayda iddialı – 2431 nəfər müraciət etdi. Doğrudur, onlardan yalnız 1637 nəfəri bütün tələblərə cavab verərək, namizəd kimi qeydiyyata düşə bildi. Seçkiqabağı kampaniyanın sonuna yaxın isə meydanda 1321 nəfər qaldı. Bu, bir deputat yeri uğrunda orta hesabla 10-dan çox namizədin mübarizə apardığı deməkdir. 125 nəfərlik parlament üçün bunun özü də rekord göstəricidir və mübarizənin qızğın keçəcəyindən xəbər verirdi. 

Unikal.org xəbər verir ki, rəqabəti çətinləşdirən daha bir amil isə ölkə rəhbərliyinin apardığı gəncləşmə siyasətindən ruhlanan yeni, daha çevik, müasir informasiya-kommunikasiya və piar (PR) texnologiyalarına bələd olan nəslin siyasi meydana atılması oldu. Görünən o idi ki, indi mübarizə yalnız real həyatda deyil, həm də ictimai rəyə çox böyük təsir gücünə malik virtual meydanda gedəcək. 

Lakin yeni reallıqlar seçkiqabağı kampaniyanın aparılmasına müasir yanaşmalar tələb etsə də, namizədlərin bir qismi hələ də sovet vaxtlarından qalmış təşviqat üsullarından kənara çıxa bilmədi, digər qismi isə öz piarını yalnız virtual aləmdə aparmaqla kifayətləndi.

Bununla yanaşı, həm ənənəvi təbliğat-təşviqat üsullarından, həm də müasir texnologiyaların yaratdığı imkanlardan faydalana bilənlər də az olmadı. Bu mənada namizədliyi 121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş Mahir Abbaszadə apardığı fəal seçkiqabağı kampaniya ilə diqqəti özünə cəlb etdi. 

Xatırladaq ki, Mahir Abbaszadə deputatlığa namizəd kimi ilk dəfə öz həmyerlilərinin qarşısına 2015-ci ildə çıxmışdı. Buna qədər laçınlılar onu sadəcə rayon gənclərindən biri, bir neçə xarici dil bilən, bank sahəsində uğur qazanmış iş adamı, iqtisadiyyat üzrə fəlsəfə doktoru kimi tanıyırdı. M.Abbaszadənin seçkilərdə mövqeyini güclü edən daha bir vacib məqam onun laçınlılar arasında böyük nüfuza malik ziyalı ailəsindən çıxması, daha dəqiqi, əməkdar müəllim Tapdıq Abbaszadənin oğlu olması idi. İndi isə ona həm də ölkə başçısının rəhbərlik etdiyi partiya etimad göstərmişdi və bu, 40 yaşını yenicə tamamlamış bir insana güvənmək üçün bəlkə də ən tutarlı səbəb idi. 

Beş il əvvəl onun seçicilərə verdiyi ilk mesaj “hər birinizin ayağına gələcəm!” olmuşdu. Dedi və etdi!. Çünki o da məcburi köçkünlüyün ağrı-acısını yaşamış, Laçının işğalından sonra uzun illər Sumqayıtda yeddi nəfərlik ailə ilə kiçik bir yataqxana otağına sığınmış insanlardan idi. Ona görə də M.Abbaszadənin məcburi köçkün seçicilərə ünvanladığı digər bir mesaj “mən sizdən biriyəm” oldu. Elə insanlar da onu özlərindən biri kimi qarşıladı, seçki platformasını dinlədi, ona öz dərdlərini danışdı və sonda səsini ona verdi. 

Qeyd edək ki, ilk dəfə seçkiyə qatılan namizədə etimad göstərmək üçün insanlar onun siyasi baxışları ilə yanaşı, şəxsi keyfiyyətlərini, təhsilini, dünya görüşünü, həyatda qazandığı uğurları da nəzərə alır. İkinci dəfə isə artıq seçim üçün əsas meyar onun bundan əvvəlki deputat fəaliyyəti olur.

Budəfəki təşviqat kampaniyası göstərdi ki, 2015-ci ildə laçınlıların səsi olacağına söz vermiş Mahir Abbaszadə bu sözünü tutub. O, “əlçatan deputat” olacağına vəd edib və vədinə əməl edə bilib. Abbaszadə lokal deyil, ölkə miqyaslı deputat olacağını, Laçını Azərbaycanda, Azərbaycanı isə dünyada layiqincə təmsil edəcəyini söyləyib və buna nail olub. O, insanları narahat edən ““lal deputat” sindromunu aradan qaldıracağam” deyib və həqiqətən də aradan qaldırıb. 

Görünən odur ki, bu dəfə həm M.Abbaszadənin seçicilərinə deyəcəyi sözü, həm də insanların ondan gözləntisi daha çox idi. Çünki artıq seçicinin qarşısında böyük siyasətə yenicə atılmış gənc iqtisadçı deyil, qanunverici orqanda beş illik təcrübəyə malik, ən əsası, ona etimad göstərmiş siyasi qüvvənin və səs vermiş insanların ümidlərini doğrultmuş insan çıxış edirdi. Bəzən özünün nitq söyləməsinə belə ehtiyac qalmırdı, çünki ötən dövrdə gördüyü işlərin videohesabatları, komandasının hazırladığı multimedia və çap məhsulları hər şeyi deyirdi. Ona qalan seçicisini dinləmək olurdu. 

İndi M.Abbaszadənin çıxışlarında daha böyük əminlik var idi. O, eyni rahatlıqla həm böyük şəhərlərdə, həm də rayonlarda məskunlaşmış laçınlı məcburi köçkünlərin qarşısında öz platforması ilə çıxış edir, onların suallarını cavablandırır, irad və təkliflərini qəbul edirdi. 

Seçkiqabağı kampaniyaya start verilən gündən M.Abbaszadə Sumqayıt şəhəri və Abşeron rayonunda, Bakının Qaradağ rayonu ərazisindəki “Ümid” və “Qobu Park” yaşayış komplekslərində, Binəqədi, Yasamal, Suraxanı və Xəzər rayonlarında, bölgələrdən Şəki, Oğuz, Bərdə, Tərtər və Ağcabədi rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşlər keçirib. Onun təkcə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində laçınlıların müvəqqəti məskunlaşdığı beş obada – Qarıqışlaq, Alxaslı, Mişni, Fingə və Ərdəşəvidə, həmçinin qəsəbənin özündə ayrı-ayrılıqda görüşləri olub. Bundan başqa, M.Abbaszadə şəhid ailələrini və rayon ağsaqqallarını ziyarət edib, onların xeyir-duasını alıb. 

Bu zaman namizəd öz platformasını təqdim etməklə yanaşı, seçicilərin müraciətlərini, irad və təkliflərini də dinləyib. O, həmçinin hakim partiyanın təmsilçisi kimi, ölkə rəhbərliyinin yürütdüyü siyasət, apardığı islahatların mahiyyəti, torpaqlarımızın işğaldan azad olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. 

Laçın əhalisinin 78 min nəfər olduğunu və onların məcburi köçkün olaraq ölkənin 58 rayonunda məskunlaşdığını nəzərə alsaq, 20 gün ərzində seçicilərin hamısı ilə görüşməyin fiziki baxımdan mümkün olmadığı aydındır. Bu baxımdan kampaniyanın daha geniş seçici kütləsini əhatə etməsi üçün hakim partiyanın Laçından olan namizədi təbliğat-təşviqat prosesində mətbuatın və sosial şəbəkələrin imkanlarından da maksimum yararlanmağa çalışıb. Onun hər görüşündən sonra yayılmış xəbər və videoroliklərini “Facebook” səhifəsində onlarla seçici paylaşıb, on minlərlə insan izləyib, bəyənib və şərh edib. 

Beləliklə, seçkiqabağı təbliğat-təşviqat prosesi başa çatır və bu mübarizədə kimin qalib gələcəyini fevralın 9-da seçicilər müəyyən edəcək. Lakin bir şeyi indidən demək olar ki, altıncı çağırış Azərbaycan parlamentinə seçki tarixə indiyədək görünməmiş rəqabət şəraitində keçmiş seçki kimi düşəcək.