Fevralın 12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, köhnə avtomobil bazarının qarşısından uzunluğu 1 metr olan 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gilizlərin ətrafında 55 kv.m əraziyə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.