Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icləsında ilk olaraq ATƏT DTİHB-nin 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının müraciətinə baxılıb.

Qeyd olunub ki, ATƏT öz missiya rəhbəri müşahidəçilərdən biri olan Aygün Attarın akkreditasiyasının ləğv olunmasını xahiş edir. MSK-nın qərarına əsasən müraciət təmin edilib və Aygün Attara verilmiş lövhəcik etibarsız hesab edilib.

Bəs Aygün Attar kimdir və hansı səbəbə görə akkreditasiyası ləğv edilib?

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı lent.az-a açıqlama verən A.Attar bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidəçilərə qeyri-obyektiv məlumatlar verilib:

“Bununla əlaqədar fevralın 8-də sosial media üzərindən ATƏT Müşahidə Missiyasının rəhbərliyinə etirazımın ifadə olunduğu müraciət yazdım. Müraciətimdə ATƏT-i beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa, obyektiv mövqe ortaya qoymağa çağırdım. Mən mədəni çərçivədə öz tənqidi mövqeyimi ortaya qoydum. Fevralın 9-da isə ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi vəzifəmi yerinə yetirdim. Fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər mənə müşahidəçi kimi akkreditasiyamın ləğv olunduğunu söylədilər. Bunun səbəbini soruşdum. Soruşdum ki, beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın təsis olunması üçün təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir. Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdi. Məsələnin mahiyyəti budur”.