Xəbər verildiyi kimi Almaniyanın Münhen şəhərində ənənəvi illik beynəlxalq təhlükəsizlik konfransı işə başlayıb. Konfransın işində ABŞ dövlət katibi Maykl Pompeo, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Tryudo, Avstriya kansleri, İran və Rusiya xarici işlər nazirləri, NATO-nun baş katibi, habelə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər.

Unikal.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, konfrans çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş görüş olacaq. Görüş Bakı vaxtı ilə saat 20.30-da başlayacaq və onu ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander aparacaq.

İlham Əliyevlə Nikol Paşinyan arasında sonuncu təmas ötən ilin mayında Brüsseldə baş tutmuşdu. Danışıqlar əsasən xarici işlər nazirləri arasında davam etdirilirdi.