“Həqiqi seçki pozuntuları ictimailəşdirilməli, ciddi pozuntuların baş verdiyi dairələrdə nəticələrin ləğv edilməsi tələb olunmalıdır”

9 fevralda  Milli Məclisə keçirilən növbədənkənar seçkilər başa çatıb. Amma seçki prosesində baş verən qanun pozuntuları ilə bağlı müzakirələr davam etməkdədir. Seçkidə iştirak edən və qanunsuzluqla üzləşən namizədlər Mərkəzi Seçki Komissiyasına müracitə ediblər. MSK isə bütün müraciətləri araşdıraraq müvafiq qərarlar verir. Seçkisonrası proseslərlə bağlı “Unikal” qəzetinə müsahibə verən Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Əliyev mühüm məqamlara toxunub.

-Teyyub müəllim, öncə 9 fevralda keçirilən parlament seçkiləri ilə bağlı fikirlərinizi bildirərdiniz. Ümumilikdə seçki necə keçdi?

-Milli Məclisin buraxılması ilə bağlı Prezident Sərəncam imzalayanda müəyyən qədər inam yaranmışdı ki, doğrudan da parlamentə daha mütərəqqi dünyagörüşə malik olan, vətənpərvər, millətsevər, xalqın problemlərini  və onların həll yollarını bilən, bu istiqamətdə həqiqətən müvafiq təklif və tövsiyyələr verə biləcək, yaradıcı insanları seçmək mümkün olacaqdır. Ancaq  YAP-n namizədlər siyahısı dərc olunanda bu inam müəyyən şübhə doğurdu. İslahatçı Milli Məclis formalaşdırmaq istəyirdilərsə gərək öz bacarıqsızlıqlarına səs vermiş insanların mütləq əksəriyyətini siyahıya salmayaydılar. Bunu etdilər və mesaj verdilər ki, "siz nə çalırsınız çalın, biz heyva gülünə oynayacağıq". Bununla da Prezidentə ayı xidməti göstərmiş oldular. Hər şeydən göründüyü kimi, mütləq əksəriyyəti əvvəlki tərkibə malik olan Milli Məclisdən islahatlara dəstək gözləmək olmaz-yeni tərkibin buna bacarığı çatmaz. Bacarsaydılar, indiyədək edərdilər. Çox təəssüf, 9 fevralda keçirilən seçkilər ümidləri doğrultmadı.

-Sizcə, bundan sonrakı dönəmdə seçkidən narazı qalan deputatlığa namizədlər, ictimai-siyasi fəallar, partiyalar nə etməlidirlər?

-Seçkidə iştirak edən partiyaların seçilməyən namizədləri qarşılaşdıqları seçki  pozuntuları hqqında müvafiq qaydada (MSK-ya, məhkəmələrə və s.)  şikayətlər verməli, partiyalar isə onları dəstəkləməlidirlər.  Rast gəlinən həqiqi seçki pozuntuları ictimailəşdirilməlidir. Ciddi pozuntuların baş verdiyi dairələrdə nəticələrin ləğv edilməsi tələb edilməlidir. Mövcud reallıqda bundan artığına nail olmaq imkan xaricindədir. Diqqət etdinizsə bir neçə dairənin ləğvi bu istiqamətdə mübarizənin daha nəticəli olduğunu göstərdi. 

-Sizcə, yeni tərkibli parlamentin perspektivi varmı, onlardan nəsə gözləməyə dəyərmi?

-Yeni tərkib Milli Məclisin 2/3 hissəsi, yəni, istənilən qərarı qəbul etməyə, istənilməyəni bloklamağa qadir olan "köhnələrdən", başqa sözlə, öz bacarıqsızlıqlarını etiraf edənlərdən, islahata meyilli olmayanlardan və ya buna qabil olmayanlardan ibarətdir. Elə isə nəyi gözləmək olar? Nə dəyişəcək? Bu tərkib yalnız islahatlara istiqamətlənmiş və Prezident tərəfindən irəli sürülən qanun layihələrinə "ləbbey" deməyi bacara bilər.

-Bəs, təklifiniz nədir, nə etmək lazımdır?

-Biz Təkamül Partiyası olaraq qanunlar çərçivəsində, sivil qaydada seçki islahatlarının aparılması uğrunda mübarizənin davam etdirilməsinin tərəfdarıyıq. 9 fevral seçkiləri göstərdi ki, Azərbaycan seçiciləri hələ də seçkilərə biganədirlər, seçkilərə getmirlər, seçkilərin onların həyatında necə əhəmiyyətli rol oynadığını, təəssüf ki, çoxları tam dərk etməyiblər. Seçkiyə gedib səs verməklə işin bitmədiyini, verilmiş səslərin qorunmasının vacibliyini çoxları ya başa düşmür, ya da bunun bir nəticə verəcəyinə inanmırlar. Ona görə də xalq arasında müvafiq maarifləndirici işlərin daha geniş və dərin aparılmasına ehtiyac vardır.

-İslahatların başlandığı bildirildi, iqtisadi, sosial islahatların davamı üçün parlament buraxıldı. Sizcə islahat bitdimi?

-Son illər Azərbaycanda istər iqtisadi, istərsə də, sosial sahələrdə müəyyən islahatlar aparılıb. Bu islahatların daha geniş və dərin şəkildə aparılmasını gözləyirik və ümid edirik. Ancaq qəti əminəm ki, siyasi sahədə islahatlar aparılmayınca iqtisadi və sosial sahələrdə aparılan islahatlar tam olmayacaqdır. Bizdə, təəssüf ki, islahatlar çox vaxt kompaniya şəklini alır. Hər hansı sahədə islahatlara yönəlmiş bir qərar, sərəncam, qanun qəbul edilirsə, o dəqiqə müvafiq dövlət orqanları da onların dəstəklənməsinə dair yığıncaqlar, iclaslar keçirir, islahatlar dəstəklənir.  İslahatların həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi çox vaxt "yaddan çıxır". Səbəbi-cavabdehlik prinsipinin olmamasıdır. Son illərin təcrübəsi göstərir ki, ciddi qanun pozuntularına yol vermiş məmurların mütləq əksəriyyəti cəzasız qalır və fəaliyyətdə olanlar da bunu görür. Məmurdan reallıqda tapşırılan işin nəticəsinə görə cavabdehlik tələb olunmayacaqsa, islahatlar gözlənilən nəticəni verməyəcəkdir. İnanmaq istərdik ki, islahatlar davam edəcək. Başqa yol yoxdur.

-Ümumiyyətlə qarşıdakı dövrdə ölkə iqtisadiyyatı ilə bağlı gözləntiləriniz nədir? Son dövrlər həyata keçirilən dəyişikliklərin nəticəsi olacaqmı?

-Son dövrlər vergilər sahəsində aparılan islahatlar, kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər müəyyən ümidlər verir. Ancaq iqtisadiyyatın inkişafı üçün güclü maliyyə dəstəyi olmalıdır. Həyata keçirilən bank-maliyyə siyasəti, xüsusilə də yüksək bank kreditləri buna imkan vermir. Ona görə də qeyd edilən siyasətdə əsaslı dəyişikliklər edilməli, bank üzərində məmur sahibkarlığına son qoyulmalı, kreditlər sahibkarlar üçün əlverişli səviyyəyə qədər endirilməlidir. Bəzi icra strukturları rəhbərlərinin sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrinə son qoyulmalıdır. Qeyd edilənlərə nail olunsa iqtisadi inkişafa nail olmaq mümkündür.
Bir məsələni də əlavə edim... Statistika ölkə iqtisadiyyatının güzgüsü hesab edilir. Azərbaycan statistikası bərbad vəziyyətdədir, ölkədə baş verən sosial-iqtisadi prosesləri obyektiv əks etdirmir.Məsələn, ölkə iqtisadiyyatının inkişaf tempi, işsizliyin, yoxsulluğun, inflyasiyanın səviyyəsi haqqında rəsmi məlumatlar reallığı əks etdirmir. Bilirsiniz ki, 2019-cu ildə ölkəmizdə əhalinin siyahıya alınması keçirilməli idi. Bu ölkə üçün çox əhəmiyyətli hadisədir. Ancaq nə baş verdi? Əhalinin siyahıya alınması olmadı, yayılan məlumatlara görə heç kəsin evinə gedilmədi. Ən yaxşı halda Mİİ-nə gedib "məlumat topladılar". Belə saxta rəqəmlərlə ölkədə baş verən sosial-iqtisadi proseslərə real qiymət vermək, gələcəyi proqnozlaşdırmaq mümkündürmü? Ölkə Prezidenti dəfələrlə məmurlara göstəriş verir ki, işinizdə dürüst olun, qanunlara əməl edin. Ancaq bir çox məmurlar buna da məhəl qoymur, çünki yanlış fəaliyyətlərinə görə cəzalandırılmayacaqlarına,  ən pis halda kreslolarının yerinin dəyişdiriləcəyinə əmindirlər. 24 oktyabr 2019-cu ildə “Doing Business 2020”  hesabatı nəşr edilmişdir. Bu hesabatda göstərilir ki, 2019-cu ildə ölkəmiz bütövlükdə biznesin asanlaşdırılması indeksi üzrə reytinqdə ötən ilkinə nisbətən 9 bal geriləmiş və 190 ölkə arasında 34-cü yerdə (ötən il 25 –ci yerdə idi) qərarlaşmışdır. Göründüyü kimi, həyata keçirilməsi nəzərdə tutulan islahatlar bütövlükdə gözlənilən nəticələri verməmişdir. Və yəqin ki, bunun əsas səbəbləri yuxarıda qeyd edilənlərlə bağlıdır. Hər şeydən görünür ki, ölkəmizdə iqtisadi islahatların aparılmasında ən çox maraqlı olan Prezident olsa da, onun mövcud komandası yetərincə istəkli görünmür.

- Seçkini beynəlxalq təşilatlar izlədilər və rəyləri loyal oldu. Sizcə, beynəlxalq müşahidə missiyasının qənaətini necə qiymətləndirmək olar?

-Beynəlxalq müşahidəçilərin nəyinə lazımdır ki, Azərbaycanda seçkilər azad, ədalətli, demokratik, şəffaf keçirilir, yoxsa yox. Gəlirlər, gəzirlər, yeyib-içirlər və s. Ölkədə  hansı seçki mühitinin formalaşması beynəlxalq müşahidəçiləri qətiyyən maraqlandırmır. Bu Azərbaycan xalqının işidir.

-Prezident İlham Əliyevin də seçkiyə münasibəti diqqətçəkən oldu. Ölkə başçısı deyir ki, seçkidə ciddi qanun puzuntusu olmayıb. Amma kimlər saxtakarlıq edib qanunu pozubsa, cavab verəcəklər. Bu mövqe barədə nə deyə bilərsiniz?

-Hər şeydən göründüyü kimi, Prezident işlək, islahatlara dəstək vermək gücündə olan Milli Məclisin formalaşmasında maraqlıdır. Görünür ki, ətrafı bu haqda da ona obyektiv məlumat verməyiblər. Yuxarıda qeyd etdiyim kimi, 2/3-si "köhnələrdən" formalaşan, konservativ Milli Məclisdən islahatların sürətləndirilməsi istiqamətində real fəaliyyət gözləmək olarmı? Hər halda bir neçə dairənin nəticələri ləğv olundu. Düşünürəm ki, saxtakarlığın olduğü bütün dairələrdə ciddi araşdırma aparılmalı, müvafiq qərar verilməlidir.

-Teyyub müəllim, bir  məsələyə də münasibət öyrənim, bəzi müxalifət qüvvələri seçkini boykot elədilər. Seçkinin bu formada keçirilməsi onları haqlı çıxardı, yoxsa...

-Biz Təkamül Partiyası olaraq istənilən halda seçkilərdə iştirakın (aktiv və ya passiv olaraq) tərəfdarıyıq. Baxın, ölkəmizdə 54 siyasi partiya qeydiyyatdan keçib. Seçkidə cəmi 19 siyasi partiya iştirak etdi, onların yalnız 9-u Milli Məclisdə təmsil olunmağa "layiq görüldü".  Baxın əgər 54 siyasi partiyanın hamısı seçkilərdə iştirak etsə idi nəticələri bu qədər saxtalaşdırmaq olardımı? Amma hesab edirəm ki, mövcud şəraitdə  seçkilərin azad, ədalətli, şəffaf, demokratik keçirilə biləcəyini düşünmürəm. Ancaq hər halda, saxtakarlıq bu səviyyədə olmazdı.

Z.Məmmədli