Fövqəladə Hallar Nazirliyi xilas etdiyi şəxslərlə bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Nərimanov, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.