Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ, Göygöl rayon şöbələrinin və Qax rayon bölməsinin yeni tikilmiş inzibati binaları istifadəyə verilib.

Unikal.org xəbər verir ki, açılış mərasimlərindən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb. Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi və iqtisadi qüdrətinin ildən ilə gücləndiyini qeyd edib.

Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə ça­ğı­rılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlərin qazanıldığı diqqətə çatdırılıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının regionların sosial-iqtisadi inkişafında yeni mərhələ açdığını bildirib.

Binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Xidmətin Qax rayon bölməsinin ümumi sahəsi 1296 kvadratmetr olan 2 mərtəbəli binası rayon hərbi həkim komissiyası üçün iş kabinetləri də daxil olmaqla 26 otaq və 1 iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa olunub, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqlarla tam təchiz edilib.

Həmin gün Xidmətin Qəbələ rayon şöbəsinin də açılış mərasimi keçirilib. Xidmət rəisi general-leytenant Arzu Rəhimov Azər­baycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri diqqətə çatdırıb. Qəbələ rayon şöbəsinin yeni binasının istifadəyə verilməsinin dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin növbəti təzahürü olduğunu vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev SHXÇDX-nin rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin əməkdaşların fəaliyyətinə əlavə stimul yaradacağını bildirib.

Məlumat verilib ki, Qəbələ rayon şöbəsinin 3 mərtəbəli, 37 otaq, rayon hərbi həkim komissiyası üçün iş kabinetləri və 2 iclas zalından ibarət olan binasının ümumi sahəsi 2391 kvadratmetrdir. Müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib.

Daha sonra binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Fevralın 20-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərb quruculuğu sahəsində qazanılmış nailiyyətlərdən söz açıb. Hərbi sahədə həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına qoyulmuş vəzifə və tapşırıqların ötən səkkiz il ərzində yüksək səviyyədə yerinə yetirildiyini ifadə edib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov  bildirib ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, Xidmətin rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Binanın açılışını bildirən lent kəsilib və tədbir iştirakçıları yeni binanın xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlarında yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, 3 mərtəbəli, rayon hərbi həkim komissiyası üçün kabinetlər də daxil olmaqla 39 iş otağı, 1 xidməti müşavirə otağı və 1 iclas zalından ibarət olan binanın ümumi sahəsi 1750 kvadratmetrdir. Binanın bütün otaqları zəruri avadanlıq və inventarla təchiz edilib, yardımçı otaqlar istifadəyə verilib. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

İstifadəyə verilən yeni inzibati binalar öz memarlıq üslubları ilə rayonlarımızın gözəlliklərinə xüsusi rəng qatır.