Cari ilin 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək. 

Unikal.org xəbər verir ki, bu gün təşkil olunan mətbuat konfransında “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək tədbirlər haqqında ictimaiyyətə ətraflı məlumat verilib. 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, təhlükəsizlik real həyatda olduğu kimi, virtual aləmdə də çox önəmlidir. “Kibertəhlükəsizlik şirkəti olan “Arbor Networks”un  verdiyi  statistikalara görə, 2019-cu ildə  baş verən kibercinayətlər son 11 ilə nəzərən 60 dəfə daha çoxdur, bu, çox ciddi rəqəmdir. Məhz bu səbəbdən  dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcədə önəmli olmalıdır” – deyə mətbuat katibi qeyd edib. Onun sözlərinə görə, dünyada hər bir dəqiqədə kiberməkanda 500 milyon hücum təşkil edilir. 

Mətbuat katibi vurğulayıb ki, özünün kibertəhlükəsizlik strategiyasını hazırlayan Azərbaycan, təbii ki, bu risklərdən xəbərdardır və onların qarşısının alınmasında bu strategiyadan irəli gələn müddəaların həyata keçirilməsi mühüm rol oynayacaq.

 “Ötən dövrdə Azərbaycan özünün kibertəhlükəsizlik indeksini də yaxşılaşdırıb. 194 ölkənin iştirak etdiyi və ilk üçlüyü Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransanın bölüşdüyü “Global Cyber Security” indeksində hazırda ölkəmiz  55-ci yerdə qərarlaşıb” – Günel Gözəlova belə deyib.

Onun sözlərinə görə, 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində beynəlxalq mütəxəssislərin də cəlb olunacağı 8 böyük tədbirin təşkili nəzərdə tutulur.

  Daha sonra tədbir təşkilatçıları jurnalistlərin suallarını cavablandırıb.