Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinovla görüşüb.

Unikal.org xəbər verir ki, K.Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edib. ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən danışan rektor universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib. O, mərkəzlərə nəinki universitet heyətinin, həmçinin digər şəxslərin də maraq göstərdiyini bildirib, Özbəkistan universitetləri ilə əlaqələrin qurulmasında Ş.Siracəddinovun dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. K.Abdulla “Kitabi Dədə Qorqud” dastanı, onun müxtəlif layihələr çərçivəsində tanıdılmasından danışaraq Ş.Siracəddinovun rəhbərlik etdiyi universitetlə birgə bu istiqamətdə konfransların təşkilinin mümkünlüyündən söz açıb.

Qonaq səmimi qəbula görə təşəkkürünü bildirib. Özbəkistan və Azərbaycan arasında əlaqələrin inkişafını yüksək qiymətləndirən Ş. Siracəddinov elm və təhsil sahələri üzrə əməkdaşlıq, dilin təbliğinin önəmli amil olduğunu vurğulayıb. Qonaq rəhbərlik etdiyi universitetin fəaliyyəti haqqında danışıb. O, həmçinin özbək ədəbiyyatı nümunələrindən söz açıb.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, tələbə-müəllim mübadiləsi,  birgə layihələr, konfransların təşkili və gələcək perspektivlər müzakirə olunub.