Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.

“Unikal” qəzetinə müsahibə verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli sözügedən müzakirələri və onun nəticələri, Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud durumla bağlı fikirlərini bölüşüb.

-Qabil bəy, öncə Münhen Təhlükəsizlik Konfransının xarakteri və mahiyyəti barədə, eləcə də Prezident İlham Əliyevin çıxışı barədə fikirləriniz öyrənmək istərdik.

-Öncə onu qeyd edim ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin qorunmasına həsr edilmiş bir formdur. Dünyanın müxtəlif ölkələrinin başçıları, tanınmış siyasətçilər, elm, iş adamları bu prosesə cəlb olunur və dünyada getdikcə artan gərginliyin aradan qaldırılması üçün təkliflər irəli sürürlər. Azərbaycanın da bu platformada təmsil onunması, mövqeyini ifadə etməsi olduqca mühümdür. Azərbaycan prezidentinin parlaq, intellektual çıxışları, tarixi və analitik təhlilləri fonunda biz Ermənistanın baş nazirinin çürük təfəkkür tərzinin, tarixi bilgilərlə bağlı son dərəcə səriştəsizliyinin, qeyri-səmimiliyinin və açıq-aşkar yalan faktlardan istifadə etmək cəhdini gördük. Azərbaycan prezidenti sözün həqiqi mənasında bu yalanları özünün ətraflı tarixi bilikləri ilə alt-üst etdi və hətta Paşinyanı üzr istəməyə məcbur etdi.

-Sizcə, bu görüşün və müzakirədə verilən mesajların ilkin nəticəsi nədən ibarətdir?

-Mənim fikrimcə, bu Azərbaycan diplomatiyası tarixində parlaq, böyük səhifələrdən biri idi. Bu, dünya ictimai rəyi Azərbaycan və Dağlıq Qarabağ probleminə baxış bucağı ciddi surətdə dəyişməyə vadar edəcək bir məqam idi, artıq o proses başlayıb və davam edir. Azərbaycan futbol termini ilə desək, əzmimizin üstünlükləri ilə Ermənistan üzərində qələbə çaldıq. Belə demək mümkündürsə, Azərbaycan Ermənistan üzərində diplomatik üstünlük qazanır. Düzdür, bu hələ nəzəri qələbədir. Bu hələ nəzəri təcrübə, intellektual sahədə olan bir təcrübi qələbədir. Eyni zamanda, haqlı dünya baxışının haqsız və təcavüzkar dünya baxışının üzərində qələbəsidir. Son dövrlərdə Dağlıq Qarabağ problemi ilə bağlı təklif edilən həlli variantlarında müsbət cəhətlərdə diqqəti çəkirdik. Yəni, problemi Azərbaycanın ərazi bütövlüyünün daxilində həll edilməsini Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO-nun zirvə toplantıları, BMT-nin  qərarlarına uyğun sürətdə hərəkət etməsinə güclü bir təkan, implus oldu.

-Necə düşünürsünüz, bu müstəvidəki üstünlükdən sonra Azərbaycan digər müstəvilərdə hansı addımları atmalıdır?

- Məncə, Azərbaycanın  danışıqlar masası ətrafında inamı daha da artacaq, bundan sonra Azərbaycanın bu günkü diplomatik siyasi xətt yürütmə prosesi daha da intensivləşəcək. Və problemin həlli istiqamətində bütün variantlardan, o cümlədən, diplomatik  variantlardan istifadə etməklə ordunu da ciddi surətdə hazırlamaqla, onun döyüş hazırlığını və hərbi potensialını gücləndirməklə, Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsi istiqamətində daha inamlı, daha təpərli addımlar atmağa başlayacaq.Onu da qeyd edim ki, Prezidentin belə bir tədbirdə iştirakı daha çox Dağlıq Qarabağla bağlı forum iştirakçılarını məlumatlandırmaq və Ermənistanın işğalçı siyasətini qabartması oldu. Prezident daha sonra ATƏT-in Minsk qrupu vasitəsi ilə aparılan danışıqlar prosesində bu ölkənin qeyri-konstruktiv mövqe tutması, etnik təmizləmə prosesini həyata keçirərək Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal etməsi, bu torpaqları geri qaytarmaq istəməməsi, sülh danışıqları prosesini uzatması kimi məsələlər ətrafında da forum iştirakçılarına məlumat verdi. Eyni zamanda, Ermənistanın baş naziri Paşinyanla debatda onun saxta və çox savadsız arqumentlərini alt-üst etdi.

-Qabil bəy, bir məqamı da xatırlatmaq istəyirəm ki, sözügedən görüş ərəfəsində beş və yaxud yeddi rayonun geri qaytarılması məsələsi müzakirə olunurdu. Bunun ardınca məlum görüş, panel müzakirəsi baş tutdu. Sizcə, bundan sonra hər hansı  yeni bir model və yaxud təkliflər paketinin müzakirəsinin gündəmə gəlməsi nə dərəcədə realdır?

-Sülh və Təhlükəsizlik problemlərinə dair “Münhen” forumu dünyanın ən məşhur, bəlkə də ən birinci forumlarından biridir. Bu forum dünya ictimai rəyinə çox böyük təsir göstərən toplantıdır. Güman edirəm ki, bayaq qeyd etdiyim kimi, dünya dövlətlərinin beynəlxalq konfiliktlərin  mövqeyində apardığı həlli ilə bağlı yanaşma cəhdlərinin köklü sürətdə dəyişməsi, Azərbaycana daha uğurlu xarici siyasət aparmasında imkan yaradır.

-Amma son dövrlər Paşinyanın və Ermənistanın digər rəhbər şəxslərinin açıqlamaları və bəyanatlarında sanki danışıqları dalana dirəyən əhval-ruhiyyə var. Qarşı tərəfin bu mövqeyi nəyə hesablanıb?

-Onlar çox söz danışa bilərlər. Dünən dediklərini bu gün danırlar və yaxud üstündən bir sükutla keçirlər. Amma Ermənistan kiçik, xırda bir dövlətdir. Doğrudur, onun  qəyyumları vardır. O qəyyumların bəziləri, xüsusilə Qərbdə olan qəyyumları demək olar ki,  susublar və yaxud ondan uzaqlaşıblar. Şimaldan olan qəyyumlar ona dəstək verə bilir. Amma, dünya ictimai rəyi qarşısında ən böyük iş təəssüf ki, üzvlər belə geri çəkilmək məcburiyyətində qalırsa, Paşinyanın dedikləri  və ya xarici işlər nazirinin söylədikləri yalnız söz olaraq qalır. Məncə, danışıqlar prosesində beynəlxalq hüququn tələbləri, beynəxalq hüququn tələblərində də ərazi bütövlüyü məsələsi hüququn əsas elementi kimi ortaya çıxır. Bu məsələlər öxünü daha güclü sürətdə göstərəcək.

-Yəni, beynəlxalq birliyin bu münaqişəyə münasibətində müəyyən dəyişikliklər var?

-Son zamanlar ATƏT-in özü, ATƏT-in Minsk Qrupu əvvəlki loyallığından imtina edərək Ermənistana təzyiq variantına keçiblər. Və çətin ki, şimal qəyyumları da Ermənistanı bu təzyiqlərdən qoruya bilsin. Beynəlxalq təşkilatların və  bir sıra böyük dövlətlərin bu münaqişəyə münasibəti tamamilə dəyişib. Belə ki, Amerika, Avropa Birliyi, Avropa Şurası, eləcə də Avropa Birliyinə daxil olan ayrı-ayrı ölkələr post-sovet ölkələrindəki münaqişələri, o cümlədən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini birmənalı qaydada dəstəkləyirlər. Dünya artıq ayrıca Dağlıq Qarabağ adlı qondarma qurumu tanımır, onu Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini təkidlə bildirirlər.

Z.Məmmədli