Bu gün MSK-nın iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib. O bildirib ki, namizəd Baxışov Qəzənfər İsamməd oğlu tərəfindən müraciətdə həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü qeyd edib ki, şikayət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib: "DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb". R.İbrahimov şikayətin təmin edilməməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilməyib. MSK Dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.