Xırdalanda Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.  Abşeron RİH başçısı geniş məruzə ilə çıxış edərək bildirib ki,  13 yanvar 2020-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçısı  2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra edildiyini və dayanıqlı inkişafın  təmin olunduğunu qeyd edib. 

Unikal.org xəbər verir ki, 2019-cu il   Abşeron rayonu üçün də uğurlu il olduğunu vuğulayan başçının sözlərinə görə, ötən il  rayonun sosial-iqtisadi inkişafı ilə   bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin  yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri,  elektrik enerjisi, təbii qaz  ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr icra olunub. 

“Xüsusilə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun  Xırdalan, Mehdiabad, Qobu, Saray, Masazır və  Ceyranbatan yaşayış məntəqələrində 28 küçə üzrə 39.7 km uzunluğunda yolun əsaslı təmir olunması məqsədilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 26.6 milyon manat vəsait ayrılması hər bir abşeronlunun böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə rayon ictimaiyyəti adından cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk” – deyən İ.Gülməmmədova əlavə edib ki, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Mehdi Hüseynzadə, Qəşəm Aslanov, Nəsimi  küçələri yenidən qurulub, şəhər ərazisində 22-ci və 26-cı məhəllələrin  ərazisində  nümunəvi məhəllə yaradılması işləri davam etdirilib. 

2019-cu   ili ərzində Abşeron Sukanal və  Bağlar Sukanal idarələri tərəfindən  rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 9645  p/m uzunluqda yeni içməli su, Xırdalan, Masazır və digər ərazilərdə ümumilikdə  1889 p/m uzunluqda kanalizasiya xətləri  çəkilib, 48 ədəd müxtəlif markalı su nasosu təmir edilib, 27 çoxmənzilli yaşayış binasının  zirzəmisində  967 paqometr  kanalizasiya xətti yenisi ilə əvəz olunub. Rayonun daxili imkanları hesabına Ceyranbatan qəsəbəsində Seymur Quliyev küçəsi 1 və 2 saylı, Gündüz Abdullayev  küçəsi 11 və 15 saylı binaları üçün yeni kanalizasiya xətləri çəkilərək zirzəmilərdə olan problemlər aradan qaldırılıb.

Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi   Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi  layihəsi üzrə  2017-ci ilin  iyul ayından başlanılan işlər  davam etdirilib, ümumilikdə 167  km  uzunluğunda içməli  su, 88.8   km  uzunluğunda  kanalizasiya xətti çəkilib, 17583 ev birləşməsi verilərək  11874 sayğac quraşdırılıb.

Vətəndaşların telefonla təmin edilməsi məqsədilə  rayonun yaşayış məntəqələrində 1410   abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilib. 
Ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı rayon İcra Hakimiyyətləri qarşısında qoyduğu vəzifələrlə bağlı Abşeron rayonu çox böyük nəticələr əldə edib. Respublika iqtisadiyyatına qoyulan özəl investisiyaların həcminə görə Abşeron rayonu 2018-ci ildə Respublikada birinci yerdə olub  və 2019-cu ildə də bu uğurlar davam etdirilib. Ötən il  özəl sahəyə 242 milyon manat investisiya cəlb edilib,  Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara  40 investisiya layihəsi üçün  42.5  milyon  manat  güzəştli kredit verilib. Həyata keçirilən  bu layihələr üzrə  975  yeni iş yeri yaradılıb. Ümumilikdə isə 2019-cu il ərzində  rayon ərazisində  7168 yeni iş yeri yaradılıb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şəraitin nəticəsində 2019-cu ildə bir çox iri sənaye və kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin inşası həyata keçirilib.

Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış  2 milyon manat vəsait hesabına tikinti işləri yüksək səviyyədə başa çatdırılaraq, müəssisə 2019-cu ilin yanvar ayından fəaliyyətə başlayıb. Artıq müəssisədə rayonun Qobu, Hökməli və Güzdək qəsəbələrindən 85 nəfər sakin işlə təmin olunub. Müəssisədə ümumilikdə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Çox sevindirici haldır ki, ötən il rayonda sənaye məhsulunun həcmi 43.7  faiz artaraq  323 milyon  manata çatıb.  Sənaye müəssisələrində işləyənlərin sayı 9661 nəfər olub,  çalışan işçilərin orta aylıq əmək haqqı  458  manat təşkil edib.

Rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına da nail olunub. Rayonunun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi və aqropark yaradılması istiqamətində də çox böyük layihə həyata keçirilir. 2018-ci ildə 161 hektar sahədə badam, 2019-cu ilin yazında isə 287 ha sahədə zeytun və  96 sahədə badam bağı salınıb, ümumi meyvə sahəsi 1312 hektara çatdırılıb. Əkilmiş badam sahəsindən ötən il  30 ton məhsul yığılıb.

Sahibkarlığın inkişafı rayonda yerli vergi daxilolmalarının artımına da səbəb olub. 2020-ci  ildə daxil olmaqla artıq 9 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər  hesabına  öz xərclərini maliyyələşdirir və bu il öz xərclərindən əlavə 34 milyon 781 min manat  vəsaitin dövlət büdcəsinə ödənilməsi  nəzərdə tutulub. Ötən il büdcəyə 18 milyon 236  min manat vəsait cəlb olunaraq proqnoza  114  faiz əməl edilib, rayonun yerli xərcləri isə  97.4 faiz icra olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə ödənişli ictimai işlərlə bağlı  Abşeron rayonu üzrə 770 yeni iş yeri yaradılıb. 
Əvvəlki illərdə olduğu kimi rayon ərazisində məskunlaşmış 11172  məcburi köçkün ailəsinin  qayğıları da daim diqqət mərkəzində saxlanılır. Həmişə olduğu kimi məcburi köçkün rayonlarının işğal günü ərəfələrində  həmin rayondan olan şəhid ailələri ilə görüşlər keçirilərək onlara maddi köməkliklər olunub. 

Dövlət Proqramına uyğun olaraq, Xırdalan şəhərində 3 saylı tam orta məktəb üçün yeni tədris korpusunun inşasına başlanılıb. 

Ötən il Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb, Novxanı kənd 7 saylı uşaq bağçasına istilik sistemi quraşdırılıb, Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasında isə təmir işləri aparılıb. 

Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində  də müəyyən tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamı ilə Səhiyyə Nazirliyinə ayrılan vəsait hesabına Xırdalan şəhəri ərazisində Rayon Mərkəzi Xəstəxanası üçün bina tikintisində işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığına uyğun olaraq, 2019-cu  ilin fevral-may aylarında rayonda 107750  nəfər sakin tibbi müayinədən keçirilib. 

Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olub, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri hesabat dövründə də qorunub saxlanılıb. Ötən il AR Daxili İşlər Nazirliyinin sifarişi ilə rayonun Qobu qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin yeni  Polis Bölməsi üçün bina tikintisi başa çatdırılaraq istifadəyə verilib və bölmə  31  nəfər şəxsi heyətlə fəaliyyətə başlayıb.   

2019-cu ildə ölkəmizin  həyatında mühüm kompaniyalar olan oktyabr ayının 1-dən 10-dək  əhalinin siyahıyaalınması, 2019-cu ilin  23 dekabrında  bələdiyyə, 2020-ci ilin fevralın 9-da isə Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilər keçirilib. Bu mühüm kompaniyaların da həmişə olduğu kimi rayonda yüksək səviyyədə keçirilməsi təmin edilib. Siyahıyaalma ilə əlaqədar rayonun 16 yaşayış məntəqəsində 509866 nəfər əhalinin yaşadığı müəyyən edilib, bununla əlaqədar yaradılan 36 siyahıyaalma məntəqəsi üzrə məlumat formaları tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilib.

Qeyd edilib ki, “Bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında ”  ölkə Prezidenti tərəfindən ötən ilin  fevral ayında  imzalanan fərmana uyğun olaraq Abşeron rayonu ərazisində 42-dək  MTK tərəfindən inşa edilən 100-dən çox yaşayış binasının sənədləşdirilməsi nəzərdə tutulub. Bunlardan artıq 19  MTK tərəfindən inşa olunan 70-ə yaxın binanın  istismarına icazə verilib.