Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Sərdar Məmmədovun (Cəlaloğlunun) müraciətinə baxılıb.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 4 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 4 seçki ( 10, 19, 28 və 29 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.