Fevralın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Böyük qələbə. Yaddaş marşrutu” mədəniyyət və təhsil forumu çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərindən olan nümayəndə heyəti ilə görüşüb. 

Unikal.org xəbər verir ki, ali təhsil ocağının rəhbəri qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor Azərbaycan Dillər Universitetinə əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. Rektor, həmçinin, rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyətindən danışıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən də söz açıb. 

Kareliya Respublikasının Mədəniyyət nazirinin birinci müavini, Kareliyanın əməkdar mədəniyyət xadimi Solovyov Serqey İvanoviç səmimi qəbula görə təşəkkürünü bildirib. O, səfərlərinin məqsədi haqqında danışıb. S.S.İvanoviç universitetlə sıx dostluq və işgüzar əlaqələrin yaradılmasına nail olacaqlarını sözlərinə əlavə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.

Sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasını ziyarət edib, laboratoriyanın təşkil etdiyi Pravoslav aləminin ənənəvi bayramı olan Maslenitsa bayramını qeyd edib, universitet tələbələrinin ifasında rus milli mahnılarını və şeirlərini dinləyiblər. 

Daha sonra Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirin məqsədi gənc nəsilə tarixdə müxtəlif xalqların müqəddaratının oxşarlığının əsasında vətənpərvərlik hisslərinin aşılanması, tarixi gerçəkliyin qorunmasının vacibliyi və zəruriliyinin çatdırılmasıdır. Tədbirdə müharibənin tarixi haqqında məlumat verilib, rusiyalı qonaqlar və ADU-nun tələbələri vətənpərvərlik mövzusunda mahnı və şeirlər söyləyiblər.