Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

Unikal.org xəbər verir ki, ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdulla  öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətindən, Komissiyanın işindəki yeniliklərdən, onun nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib: “Ali Attestasiya Komissiyası yeni tələbləri və təklifləri ilə işin keyfiyyət məsələsinin artmasına, kəmiyyətin deyil, məhz keyfiyyətin ön planda olması yönündə son dərəcə vacib və əhəmiyyətli qəararlar qəbul edib. Bu qərarların Azərbaycan elminin inkişafında müstəsna faydasını biz gələcək illərdə görəcəyik. Gənc alimlərin və peşəkar mütəxəssislərin yetişməsində məhz tətbiq olunan yeniliklər ilk növbədə diqqəti çəkir. Elmin əvvəlki nüfuzunun bərpa olunması və ona olan marağın artırılması qarşıda duran əsas prioritet məsələlərdəndir.”

Rektor əlavə edib ki, Ali Attestasiya Komissiyası əlindən gələn işi ən yüksək səviyyədə görür və bu da son vaxtlar müdafiə işlərində, seminarlarda və elmi məqalələrin sanbalında müşahidə olunur.

ADU-nun elmi işləri üzrə prorektoru, professor Novruz Məmmədov qeyd edib ki, elmin və təhsilin yeni prinsip və qanunlarla tənzimlənməsi, beynəlxalq səviyyədə əlaqələrin qurulması bu sahədə qabaqcıl mütəxəssislərin hazırlanmasına və onların gələcəkdə ölkənin elm, təhsil və  digər sahələrdə faydalı olmaları üçün mühüm bir addımdır. Bu baxımından Ali Attestasiya Komissiyası öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.