Uçot dərəcəsinin sabit saxlanılması balanslaşdırıcı qərardır.

Unikal.org xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Mərkəzi Bankın uçot dərəcəsinin 7,25 faiz səviyyəsində dəyişməz saxlanılması barədə qərarını şərh edərkən deyib.

O bildirib ki, pul siyasətində manatın məzənnəsi makroiqtisadi vә maliyyә sabitliyinin əsas lövbәri kimi qəbul edilir:

“Pul siyasәti qiymәt sabitliyinә əsaslanır. Mərkəzi Bankın hesablamalarına görə, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir. Ötən ilin sonlarına yaxın manata olan bahalaşma təzyiqləri, hazırda əks istiqamətdə fəaliyyət göstərir. Valyuta bazarında tələb-təklif, tədiyyə balansına neftin aşağı qiymətinin təsiri və dollarlaşma meylləri bu sıradadır.

Digər tərəfdən də inflyasiyaya cilovlayıcı təsir göstərən amillər mövcuddur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qida Qiymətləri İndeksi (FFPI) 2020-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 1 faiz azalıb. İndeksi təşkil edən dörd məhsul – taxıl, süd, ət və bitki yağı ucuzlaşıb, yalnız şəkər bahalaşıb. Qeyri-әrzaq mәhsulları vә xidmәtlәr üzrә də tələbin azalması qiymətlərin ucuzlaşmasına təsir edir.

Belə bir şəraitdə Mərkəzi Bank uçot dərəcəsini dəyişməməklə balanslaşdırıcı qərar qəbul edib.

Pul siyasətinin qarşısında bir tərəfdən monetar şəraiti sərtləşdirməmək, digər tərəfdən isə manatın məzənnəsi və qiymət sabitliyini təmin etmək kimi vəzifələr dayanır”.

“Faiz dəhlizinin aşağı həddini 5,5 faizdən 6,75 faizə qaldırmaqla kommersiya banklarının Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında iştirakı stimullaşdırılır. Çünki faiz dəhlizinin aşağı həddi depozit hərraclarında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsini müəyyənləşdirir. Beləliklə, faiz dəhlizinin aşağı həddi artmaqla, depozit hərraclarında əqdlər üzrə orta faiz dərəcəsini də 1,25 faiz çoxaldacaq.

Bir sözlə, Mərkəzi Bankın cəlb etdiyi manat kütləsi kommersiya bankları üçün daha cəlbedici olacaq, manat kütləsinin sterilizasiyası üçün daha əlverişli şərait yaranır. Dollarlaşma təzyiqini nəzərə alanda, hazırda dövriyyədə manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir”, - deyə V.Qasımlı əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 7,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9 faiz saxlanılmaqla aşağı həddi 6,75 faizə qaldırılıb.