Özbəkistanda daha bir koronavirus hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb. Özbəkistanda koronavirusa yoluxanların sayı 42 nəfərə yüksəlib. 

Martın 21-də virusa yoluxanların sayı 37 nəfər olub. 24 saat ərzində daha 5 adamda koronavirus aşkar edilib. Onların hamısı bu virusa xarici ölkələrdə yoluxub. Virusa tutulanlar arasında çox ağır vəziyyətdə olanları yoxdur. Xəstələr Özbəkistan Virusologiya İnstitutunun klinikasında müalicə alırlar. Ölkədə karantində 2 min 300 adam var.

Bu gündən Özbəkistanda ictimai nəqliyyatın, metronun, marşrut taksilərin və dəmir yollarının fəaliyyəti müvəqqəti dayandırılıb. Sabahdan etibarən ölkədə əksər iş yerlərinə işçilərin getməsi qadağan ediləcək və onların fəaliyyətləri mümkün qədər onlayn olaraq təşkil ediləcəkdir.

Karantin tədbirlərini pozanlar məsuliyyətə cəlb olunacaqlar.