Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

Unikal.org xəbər verir ki, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar  respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.

Qeyd edək ki, Naxçıvana xaricdən gələn vətəndaşlarımız da tibbi yoxlamadan keçəcəklər.

V.Talıbov bildirib ki, Naxçıvan MR-da izoliyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib.