“ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.

Unikal.org-un verdiyi xəbərə görə, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.

Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: “Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.