İranın təxminən 32 milyon əhalisinin yaşadığı 13 vilayətində koronavirusun yayılması azalıb. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi deyib.

Bu barədə Unikal.org-a nazirliyin informasiya portalına istinadən məlumat verib.

İ.Hərirçinin sözlərinə görə, 13 vilayətdə yoluxma halı gündəlik 100 nəfər idisə, hazırda bu 60 nəfərə qədər azalıb.

Nazir müavini deyib ki, təxminən 12 milyon əhalisi olan kiçik şəhərlərin hər birində 5 yoluxma halı qeydə alınıb.

Hərirçi əlavə edib ki, 32 milyonun 20 milyonu isə kəndlərdə yaşayır. Şəhərlərlə əlaqəsi çox olan kəndlər istisna olmaqla əksər kəndlərdə koronavirusa yoluxma halı çox azdır.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (29 mart) 38 309 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 640 nəfərin öldüyünü və 12 391 nəfərin sağaldığını təsdiqləyib.