Şəmkir rayonu, Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil  olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Araşdırma zamanı ağacların Şəmkir rayonu, Qapanlı kənd sakini Ramiz Musayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı  akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Şəmkir rayon Prokurorluğuna  göndərilib.