““Biz bizə yetərik, Türkiyəm”, bu milli həmrəylik kampaniyamızın adıdır. Mən 7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm. Millət vəkilləri və nazirlərimiz də bu gün 5 milyon 200 min lirə bağışladı”.

Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada bu fikirləri bildirib.

R.T.Ərdoğan  “COVİD-19”-la mübarizə tədbirləri ilə əlaqədar Türkiyədəki bütün xeyriyyəçi və imkanlı şəxslərə səslənib: “Bu kampaniyaya 11 milyon dollar xeyiryyəçilərimizdən dəstək gəlib. Mən buradan bütün iş adamları və xeyiryyəçilərimizə səslənirəm: İnşallah yaşadığımız sıxıntılı günləri geridə buraxacağıq, bu kampaniyada fəallığınızı əsirgəməyin. Zəkatlarını vermək üçün Ramazan ayını gözləyənlər indidən zəkatlarını bağışlaya bilərlər”.

R.T.Ərdoğan bildirib ki, koronavirusla əlaqədar Türkiyədə olan bütün məlumatlar şəffaf şəkildə yayılır. Prezident deyib ki, yaşanan ağır günlərin qəhrəmanları olan səhiyyə işçilərinə əlavə dəstək tədbirləri nəzərdə tutulub: “6 milyard lirəlik əlavə dəstək ayırırq. Səhiyyə işçilərimizin hər birinə 100 giqabayt pulsuz internet də veriləcək”.