Artıq 6-cı çağırış Milli Məclis öz işinə başlayıb. Məlum olduğu kimi, budəfəki tərkibdə kifayət qədər yeni və gənc deputatlar təmsil olunurlar. 
Unikal.org-a
müsahibə verən Milli Məclisin deputatı Könül Nurullayeva bu və ya digər məqamlarla bağlı fikirlərini bölüşüb. 

- Könül xanım, ölkədə bütün istiqamətlərdə dərin islahatlar həyata keçirilir. O cümlədən təmsil olunduğunuz qanunverici hakimiyyət qolu olan Milli Məclisdə də islahatlar reallaşır və prosesin davamlı olacağı bildirilib. Millət vəkili olaraq parlamentdə hansı dəyişikliklərin edilməsini istərdiniz?
- Təbii olaraq, qanunverici orqan ölkə boyunca aparılan bu islahatlardan kənarda qala bilməz. Hesab edirəm ki, yeni Milli Məclis həm də keyfiyyətcə yeni olduğunu əməli fəaliyəti ilə sübut edəcək. Hesab edirəm ki, funksiyası qanun yaradıcılığı olan parlament yeni dövrün tələblərinə cavab verməli və keyfiyyətcə yeni mərhələyə adekvat olmalıdır. İlk növbədə isə qanunvericiliyimizdəki mövcud boşluqların aradan qaldırılması istiqamətində təkliflərimi irəli sürmək niyyətindəyəm.

Digər tərəfdən isə Azərbaycan həqiqətlərinin, Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması yönündəki fəaliyyətdə aktiv mövqe tutmaq niyyətindəyəm. Bilirsiniz ki, Milli Olimpiya Komitəsində Beynəlxalq əlaqələr komitəsinin rəhbəri olmuşam. Həmin əlaqələrimin bu məsələdə mənə yardımçı olacağını düşünürəm.

- Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasına qarşı tədbirlər həyata keçirilir. Necə düşünürsünüz, ölkə olaraq bu problemin həlli üçün daha nələri etməliyik?

- Məlum olduğu kimi koronavirus pandemiyası artıq qlobal problemə çevrilib. Bu bütün bəşəriyyəti təhdid edən pandemiyadır. Bu səbəbdən də problemin həllinə də bir qədər geniş baxmalıyıq. Hazırda aparıcı dünya dövlətləri pandemiyaya qarşı müştərək mübarizə tədbirləri ilə cavab verməyə çalışır. Bu baxımdan Azərbaycan dövləti də üzərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirir. Hökumətin problemin həlli istiqamətində atdığı addımları dəstəkləyirəm.Ölkə başçısı tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Birinci vitse-prezident hörmətli Mehriban Xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu sosial layihələri yüksək səviyyədə icra edir. Atılan addımların nəticə verəcəyini və ölkəmizdə qısa zamanda bu virusun qarşısının alınacağına inanıram.
Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, bu gün koronavirus pandemiyasının yayılması digər ölkələrlə müqayisədə Azərbaycanda elə də vüsət almayıb. Təbii ki, bu bizi arxayınlaşdırmamalıdır və arxayınlaşdırmır da. 
Həyata keçirilən karantin tədbirlərinin uğurlu nəticələrinə inanıram və hesab edirəm ki, xalqımız bu sınaqdan da üzüağ çıxmağı bacaracaq. Bununla belə hesab edirəm ki, pandemiyaya qarşı mübarizədə əhali də dövlətə kömək etməli və tövsiyələrə əməl etməlidir. Bu baxımdan nəzərdə tutulan müddətdə “evdə qal” kampaniyasına hamılıqla riayyət etməyimiz çox vacibdir.

-  Könül xanım, bəs bu mübarizə tədbirləri Milli Məclisdə təmsil etdiyiniz Nizami rayonunda necə həyata keçirilir? Bu haqda fikirləriniz maraqlıdır?

 - Bakının Nizami rayonunda da ölkə miqyasında həyata keçirilən mübarizə tədbirləri uğurla reallaşdırılır. Şəxsim adına isə onu deyə bilərəm ki, bu müddət ərzində Nizami rayonundan olan seçicilərimin problemlərini həll etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Ərazidə qərargah və qaynar xətt yaratmışıq. Əlimizdən gələn maddi və mənəvi dəstəyimizi ehtiyacı olan seciçilərimizə göstəririk. 
    Bundan başqa Nizami rayon sakinləri üçün Mədəniyyət Nazirliyi ilə birgə layihə həyata keçiririk. Bu layihədə iştirak edən insanlar pul və hədiyyə qazana biləcəklər. 
Sakinlərimizdən daxil olan müraciətlər əsasında yaşından aslı olmayaraq tənha, hədsiz dərəcədə ehtiyacı olan insanlara xüsusilə ahıllara, gənc ailələrə yardım göstərilir və ərzaq yardımı da nəzərdə tutulub. Bundan başqa bütün ailələr dezinfeksia vasitələri ilə təmin olunur. Bu prosesi karantin dövrü bitənədək davam etdirmək niyyətindəyik.     

- Siz həm də Gənclər və İdman, eyni zamanda Ailə, Qadın və Uşaq məsələləri komitələrinin üzvüsünüz. Buradakı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?

- Mən uzun illər idman sahəsində çalışmışam. Fəaliyyətimə isə gənclər sektorunda başlamışam. Odur ki, adıçəkilən sahələrdəki problemləri, boşluqları yaxşı bilirəm. Həmin məsələləri Gənclər və İdman Komitəsində qaldıracam, öz təkliflərimi verəcəm. Ailə, Qadın və uşaq məsələləri komitəsinə gəlincə, sədrimiz Hicran Hüseynovanın təcrübəsindən yaralanmağa çalışacağam. Komitə üzvlərinin əməyi nəticəsində uğurlar qazanacağımıza inanıram. Mən Avropa Olimpiya Komitəsinin Gender Bərabərliyi Komissiyasının Azərbaycandan seçilən ilk xanım üzvü olmuşam.Hazırda İslam Həmrəyliyi Federasiyasının Gender Bərabərliyi və İdman Komitəsinə rəhbərlik edirəm.Ona görə də beynəlxalq təcrübədə olan yeniliklərin ölkəmizdə tətbiq edilməsi üçün də müəyyən addımları atmağı planlaşdırıram.

-Könül xanım bildiyiniz kimi bugün cənab Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı sərancam imzaladı. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Təbii ki, bu dövlət başçımızın növbəti humanist addımlarından biridir. Mütəmadi olaraq əfv sərəncamları olur və bunun nəticəsində çoxsaylı şəxs azadlığına qovuşur. Budəfəki sərəncam isə ilk növbədə yaşlı dustaqlara ünvanlanıb ki, bu da humaniz nümunəsi olmaqla yanaşı, koronavirus pandemiyasıının yayıldığı bir dövrdə həmin şəxslərin sağlamlıqlarının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu sərəncam prezident İlham Əliyevin humanizm ideyalarına sadiqliyinin daha bir təsdiqidir.

- Son olaraq, mövcud durumla bağlı seçicilərinizə və xalqımıza hansı çağırışı etmək istərdiniz?

- İlk növbədə vətəndaşlarımızı bu ağır günlərdə məsuliyyətli olmağa çağırıram. Bu bəladan qurtulmağın əsas yolu sosial izolyasiyadır. ”Evdə qal” çağırışına riayət etməliyik. İndi birlik bizim yeganə nicatımızdır. Eyni zamanda imkanlı insanları, sahibkarları aztəminatlı ailələrə dəstək olmağa səsləyirəm. Ümid edirəm ki, bu ağır dönəmdən ləyaqətlə çıxmağı bacaracağıq.

Hüseyn İsgəndərov