“Amazon” korporasiyasının rəhbəri Ceff Bezos dünyanın ən varlı iş adamıdır.

Unikal.org xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Bildirilib ki, Ceff Bezosun varidatı il ərzində 18 milyard dollar azalaraq 113 milyard dollar təşkil edib. Buna baxmayaraq, Bezos ardıcıl 3 ildir siyahıda liderdir.

İkinci yerdə “Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts qərarlaşıb. Onun varidatı 98 milyard dollar həcmində qiymətləndirilir.

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno üçüncü yerə yüksəlib. Onun varidatı 76 milyard dollardır.

Əvvəlki siyahıda 3-cü olan “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə il ərzində 15 milyard dollar itirərək bir pillə geriləyib. Hazırda onun varidatı 67,5 milyard dollar təşkil edir.

Dünyanın ən varlı insanları reytinqinin 5-ci pilləsində 59 milyard dollarla Larri Ellison yer alıb.