“Dağlıq Qarabağ ərazisində qondarma rejimin keçiridiyi “seçkilər” bütün beynəlxalq hüquqi normalara və beynəlxalq qanunlara zidd olduğuna görə, bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar tərfindən qəbul olunmayıb. Bunun da bir neçə səbəbi var. Məlumdur ki, bu saxta seçkilər dəfələrlə keçirilib. Hər dəfə bir sıra dövlətlər bu məsələyə birmənalı şəkildə reaksiya verib. Lakin son zamanlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirdiyi xarici siyasət demək olar ki, həmin o seçkiləri də fiyaskoya uğradıb. Onlar çalışırdı ki, bu seçkilərə dünyanın bir sıra dövlətlərindən müşahidəçilər gəlsin, lakin müşahidəçilərin hər biri gəlməkdən imtina edib”.

Bunu Unikal.org-a  açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, koronavirus pandemiyası bütün dünyada tüğyan etməsinə baxmayaraq, onlar öncədən elan verdilər ki, guya Dağlıq Qarabağ ərazisində belə bir infeksiyaya yoluxma halı yoxdur:

“Amma bu bəyanat göründüyü kimi heç bir xarici dövlət və beynəlxalq qurum tərəfindən qəbul olunmayıb. Çünki bu söz öz mənfur siyasətlərini həyata keçirmək üçün atılmış növbəti addım idi. Bu aparılan saxta seçki prosesində 12 nəfərə yaxın namizədlər irəli sürülüb. Lakin burada əsas iki fiqur olub ki, həmin iki şəxs Paşinyan hakimiyyətini öz əməlləri ilə razı sala bilirdilər. Biri keçmiş “baş nazir” Araik Arutunyan, digəri isə keçmiş “xarici işlər naziri” Masis Mailyan. Qeyd etmək lazımdır ki, bu iki namizəd arasında da ciddi narazılıqlar mövcuddur. Onlardan birinin bu qondarma qurumun rəhbərləri olması üçün ermənilər bu iki siyasi fiquru bütün dünyaya tanıtmağa çalışırdılar. Təsadüfi deyil ki, keçirilən qondarma seçkilərin ikinci turuna da məhz bu iki şəxs keçib”.

A.Nağıyev vurğulayıb ki, lakin ATƏT-in Minsk Qrupunun həmsədrləri, Qoşulmama hərəkatı, BMT, NATO və.s bir sıra hərəkatlar bu saxta seçkiləri tanımadıqları ilə əlaqədar bəyanatlar yayıblar:

“Hətta Dağlıq Qarabağın öz ərazisində bu seçkilərə qarşı mitinqlər başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəla bu Azərbaycan hakimiyyətinin apardığı xarici siyasətdir. İkincisi Azərbaycanın Xarici İşlər Nazirliyinin, diaspora təşkilatlarının Azərbaycandan kənarda həyata keçirdiyi siyasətdir və son olaraq da yerli politoloq və siyasətçilərin daimi qondarma qurumun saxta seçkilərlə bağlı verdikləri bəyanatlardır. Bu kimi aparılan proseslər saxta seçkilərin dünya dövlətləri tərəfindən lazımınca qınanmasına təsir edib. Heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun keçiridiyi saxta seçkilərin də taleyi eyni olub. Təbii ki, qodarma qurumun öz havadarlarına arxalanaraq bu saxta seçkilərin ikinci turunun keçirilməsi üçün də çalışacaqlar. Lakin bu bir daha göstərir ki, Paşinyan Qarabağ kartından istifadə edərək öz hakimiyətinin gələcəkdə iqtisadi korrupsiyasını həyata keçirmək üçün bu addımları atır. Lakin dünya artıq əvvəlki dünya deyil və beynəlxalq təşkilatlar və həmçinin BMT səviyyəsində qondarma rejimin saxta seçkilərini qəbul etmir”.

Famil Fərhadoğlu