Xaircə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı və Avropada oturan Qənimət Zahid iddia edirlər ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs, ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: “Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və özləri sevinsinlər. Deyir, “ilana ağıl verən kərtənkələdir. Bunlara da ağlı verən Əli Kərimlidir. Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz belələrini ifşa etməliyik. Onlar iqtidara müxalifət deyil, xalqa, dövlətçiliyə müxalifətdir”.

S.Novruzova dəstək olaraq  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu sözləri deyib: "Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri Azərbaycandır. Bizim birliyimiz Azərbaycanı istəməyən qüvvələrə təsir edir. Siyavuş Novruzovun fikri ilə razıyam, onlar utanmasalar deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezident ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır”.