Koronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Bu barədə Unikal.org-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb. Aprelin 9-dan başlayaraq 10 853 muzdlu işçisi olan 1 000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5 000 manata qədər ola bilər.