Bakı şəhər sakini Rasim Ələsgərov sosial şəbəkədə video görüntü paylaşaraq özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobilinin damına, arxasına Azərbaycanın dövlət bayrağını çəkib. 

Unikal.org-un xəbərinə görə, polis ondan tələb edib ki, bayraq oradan sökülməlidir. Burada sürücü özünü haqlı sayaraq polisin tələbini düzgün hesab etməyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələyə aydınlıq gətirib.

"Birdəfəlik bilməliyik ki, dövlət bayrağından harada gəldi, necə gəldi istifadə etmək olmaz. O, Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının "Dövlət bayrağı haqqında Qanunu" ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşının tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir", - E.Zahidov bildirib.