“Həbs olunan icra başçılarının cəmiyyətdəki reputasiyası o qədər də yaxşı deyildi. Bu reputasiya ilə uzun müddət işləyən insanlar vətəndaşları da narazı salıblar”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa səsləndirib. O bildirib ki, istər İmişlinin, istərsə də digər həbs olunan icra başçıları ilə bağlı narazılıqlar çox idi:

“Biz bunu vətəndaşların şikayətlərindən də görürdük. Ona görə də həbs olunan icra başçıları barədə cəmiyyətdə təqdiredici simptomlar da hiss olunmur. Məmur var ki, həbs oluna bilər, amma insanlar deyirlər ki, yaxşı adamdır, kasıba diqqət yetirəndir. Məsələ budur ki, həbs olunan icra başçıları haqqında bu söhbətlər edilmir. Onlar cəmiyyət tərəfindən də narazılıqla qarşılanırdılar. Yəni, bu həbslərdə hüquqdan başqa haqsızlıq elementi də hiss olunmur. Çünki həbs olunan icra başçıları insan faktorunu arxa plana qoymuşdular. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən daha çox narazılıq edilən icra başçıları seçilib. Bunun özü həbslərin cəmiyyət tərəfindən qəbul edildiyini göstərir”.

Millət vəkili onu da qeyd edib ki, bu məsələlərdə məhkəmənin rolunun qaldırılması olduqca vacibdir. Onun sözlərinə görə, artıq bu kimi əməllərə qarşı məhkəmə hakimiyyətinin əks tərəfdə durması vacibdir: “Yəni, vətəndaşın hər hansı bir məsələ ilə bağlı məhkəməyə rahat müraciət etməsi haqqını tapması məsələsi olduqca vacibdir. Məhkəmənin də qorxmadan, çəkinmədən müstəqil qərar çıxarması vacibdir. Əslində prosesin inkişaf istiqaməti budur. Ümid edirəm ki, bu istiqamətdə ciddi dəyişikliklərin olması mümkün olacaq. Adamların nəhayətsiz həbs edilməsi ilə ölkədə korrupsiyaya son vermək mümkün deyil. Buna paralel olaraq, islahatlar da aparmaq lazımdır. Yerli polis, prokurorluq, məhkəmə orqanları müstəqil fəaliyyət göstərə bilməlidirlər. Bəzən məmuru da qorumaq lazımdır. Çünki icra başçıları ilə tutulan məmurların arasında normal adamlar da olur. Mən xatırlayıram, neçə rayonda çox savadlı, ziyalı təhsil şöbəsinin müdirləri var idi, bunları direktorlardan pul yığıb icra başçılarına gətirməyə məcbur edirdilər. Sonra da icra başçıları bir konfliktlə onları tutdurdu, ziyalı adamları həbsə göndərdilər. Yəni, bütün bunlar olduqca acınacaqlı durumdur. Ona görə də elə islahat aparmaq lazımdır ki, hər şey sivil qayadada  olsun. O zaman DTX-nın da əməliyyat keçirməsinə zərurət qalmayacaq. Yerlərdə məmurlar qanunun tələbləri ilə ifşa olunacaq”.

Murad İbrahimov