Son dövrlər bəzi vəzifəli şəxslər mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazid əməllərə yol verdiklərinə görə həbs olunmağa başlayıblar. Son bir neçə ay ərzində 5 icra başçısı və yerli aşağı vəzifəli məmur ifşa olunub. Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli rüşvətə qurşanan, qanunsuzluq edən məmurlarla bağlı sərt fikirlər səsləndirib.

Unikal.org müsahibəni təqdim edir:

-Tahir bəy, öncə ard-arda icra başçılarının həbsindən başlamaq istərdim. Sizcə, bu həbslər nəyin göstəricisidir?

-Öncə onu deyim ki, bu həbslərə dövlət və millət prizmasından baxmaq lazımdır. Ona görə də hesab edirm ki, son olaylar vacib tədbirlərdir. Çünki bu məmurların törətdikləri cinayət əməlləri xalqın dövlətə etibarını sarsıdırdı. Yəqin ki, qısa müddətdən sonra məhkəmədə onların əməllərinə hüquqi qiymət veriləcək və cəzalarını alacaqlar. İfşa olunan məmurların əməlləri olduqca biabırçıdır. Bu adamlar kasıb camaatın makaronuna belə göz dikirmiş. Bu səbəbdən də məmurların bu şəkildə həbsini çox yüksək qiymətləndirirəm. 

-Cəmiyyətin reaksiyasını necə dəyərləndirirsiniz?

-Mən, sosial şəbəkələri izləyirəm, yerlərdən məlumat alıram və görürəm ki, insanlar da bu tədbirlərdən razıdırlar. Bəziləri deyir ki, bizim rayona da gəlib tədbir görsünlər. İndi DTX-ya rəğbət yaranıb. Əvvəllər təhlükəsizlik orqanlarına bu cür münasibət yox idi. Amma indi baş verənlər insanların ürəyindən tikan çıxarır. 
Dövlət başçısı dəfələrlə bildirirdi ki, bu əməllərə son qoyun, insanları incitməyin, qanunsuzluq etməyin. Bunlar düşündülər ki, əvvəlki kimi gedəcək. Onlar da rahat şəkildə bildiklərini edəcəklər. Çünki əvvəllər bir sıra amillərə görə dövlət bu cür tədbirlər həyata keçirə bilmirdi. İndi dövlət möhkəmlənib, maliyyə resursları artıb və bu səbəbdən də daha qətiyyətli addımlar atılır. Təsadüfi deyil ki, dövlət başçısı Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisini baş prokuror gətirdi. Hesab edirəm ki, artıq heç kimə güzəşt edilməyəcək.

-Sizcə, bu proses davam edəcək, yoxsa kampaniya xarakterli olacaq?

-Əlbəttəki, davamlı olacaq. Baş verənlər, ortaya qoyulan iradə onu göstərir ki, artıq fərqli bir dönəm başlayıb. Hər kəs günün reallığını anlamalı, ona uyğun fəaliyyət göstərməlidir. Dövlət Təhlükəsizlik Xidmətinin bu əməliyyatları onu göstərir ki, bütün bunlar dövləti cinayətlərdir. Bu cür əməllər dövlətin sütununu sarsıdır, gözdən salır. Ona görə bu tədbirləri yüksək qiymətləndirirəm. 

-Bir məqama toxunmaq istərdim. Həbs olunan icra başçılarının sərvətləri açıqlanır, milyonluq mülklər, bahalı maşınlar, milyonlarla nağd pul ortaya çıxır. Bir icra başçısında bu qədər pul hardandır?

-Bilirsiniz, uzun illər bu məmurlar boş buraxılmışdı. Kimlərsə də bu adamların arxasında dayanıb, himayə edib. Qanunsuz əməllərini ört-basdır ediblər. Allah bilir, qazandıqlarından da, kimlərəsə veriblər. Nəticədə bu qədər harınlayıb və milyonlara sahib olublar. İcra başçıları özlərini xan, bəy kimi hiss edirdilər, vətəndaşları saymırdılar, axırda da belə rəzil oldular. 
Sovet dövründə belə bir qanun var idi ki, məmurun qanunsuz əməlləri ortaya çıxırdısa, bütün mülkiyyəti müsadirə olunurdu. İndi isə yalnız cinayət predmeti sübut olunan vəsait müsadirə olunur. Amma mən onun tərəfdarıyam ki, qanunsuz yolla əldə edilən mülklər, evlər, maşınlar, başqalarının adına rəsmiləşdirilən mülklərin hamısı aşkar olunsun. Bunu istintaq yolu ilə müəyyən eləmək çətin deyil. Bu məmurların bütün varidatı alınıb dövlət hesabına keçirilməlidir. Bir icra başçısının evindən çıxan pulla o rayonun bütün kasıb sakininin rifahını yaxşılaşdırmaq olardı. 
Prezident son illər dəfələrlə xəbərdarlıq edirdi. Amma bu adamlar nəticə çıxarmadılar. Ona görə də hesab edirəm ki, bu tədbirlərin davamı gəlməlidir. Bəzən deyirlər ki, yıxılana balta çalan çox olar. Amma indi elə bir vəziyyət yaranıb ki, açıq demək lazımdır. Bu adamları ifşa etmək lazımdır. Çünki onlar dövlətin təməlini baltalayırdılar, əməlləri ilə dövləti yıxırdılar. Ona görə də həbs olunan məmurlar ən sərt formada cəzalandırılmalı, əllərində nə varsa, alınmalıdır. 

-Ölkə başçısı çıxışlarının birində də vurğuladı ki, müxtəlif qurumlardan siqnallar gəlir. Onlar da araşdırılıb ciddi addımlar atılacaq. Necə düşünürsünüz, hansı sahələrdə problemlər daha çoxdur, hansı sahələrdə analoji addımlar atıla bilər?  

-Düşünürəm ki, cənab Prezident bu barədə daha məlumatlıdır. Çünki ona bir neçə istiqamətdən məlumatlar daxil olur. Bizim bildiklərimiz isə mətbuatdan, sosial şəbəkələrdən olur, amma ölkə başçısına müxtəlif mənbələrdən yoxlanılmış, analiz olunmuş informasiyalar gedir, yəqin ki, ən doğru qərarı verəcək. Əgər bu icra başçısları illərlə rahat şəkildə qanunsuzluqlar, özbaşınalıqlar edərək varidatını bu qədər çoxalda biliblərsə, deməli, himayəçiləri var. Hər kəs başa düşməlidir ki, dövlətimiz yeni bir dövrə qədəm qoyur. 
Biz deputatlar, siyasətçilər, mütəxəssislər, Prezidentin korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizəsinə dəstək verməliyik. Bu dəstək olmasa, bu proses yarımçıq qala bilər. Hər kəs bu işin arxasında dayanmalıdır ki, bütövlükdə cəmiyyət şəffaflaşsın. Çox təəssüf ki, bu məmurlar öz çirkin əməllərinə bütün xalqı şərik ediblər. Bir rayonda təhsil şöbəsinin əliylə mindən çox müəllimdən pul yığıblar. İndi bu qədər müəllim tutulmalı deyil ki? Keçmişdə nə olub, olub, artıq yeni şərtlərlə işləmək lazımdır. Ona görə biz maliyyə aministiyası məsələsini qaldırmışıq. İndi fürsətdir, tarixi dönəm yetişib. Prezident yuxarıdan inqilab başlayıb. Hər birimiz yerlərdə prezidentin nümayəndəsi olmalıyıq.    

-Tahir bəy, belə bir məqamda müxalifət hansı mövqeyi tutmalıdır, yaxud hazırda müxalifətin yanaşması nə qədər adekvatdır?

-Təəssüf edirəm ki, hazırkı situasiyada müxalifətin fəaliyyəti və tutduğu mövqe qaneedici deyil. Mən Milli Məclisin iclasında da bu barədə fikirlərimi demişəm. Açığını deyək, müxalifətin hakimiyyətə gəlmək şansı yoxdur. Koronavirus pandemiyası dövründə dövlət 3.5 milyard vəsait ayırıb. Vətəndaş nə umursa, dövlətdən umur, artıq müxalifətdən heç nə gözləmir. Amma müxalifətin danışmağa dili var. O dillə də boş-boşuna Prezidentə “sən hakimiyyətdən get, mən gəlim” - demək də düz deyil. Mümkün olmayan şey uğrunda niyə mübarizə aparırsan? Müxalifətin tərkibində də peşəkar adamlar, mütəxəssislər var. İmkan verin gəlib hökumətdə təmsil olunsunlar, xalqa xidmət eləsinlər. Parlament rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunmağa başlayıb. Müxalifətə qarşı münasibət də dəyişib. Bəlkə nazir müavini, baş nazirin müavini, komitə sədri müxalifətdən oldu. Ölkədə islahat gedir, müxalifət də buna uyğunlaşmalıdır. Hər kəs öz gücünü birləşdirməlidir, millət xilas olmalıdır. Qarabağdan tutmuş bütün digər problemlərimizi ancaq birlikdə həll edə bilərik.

-Maraqlı bir məqama toxundunuz. Siz xeyli müddətdir ki, hakimiyyətə yaxınlaşmısınız, amma məhkəmə-hüquq sistemi ilə bağlı təcrübənizdən istifadə olunmayıb, Sizə vəzifə təklif edilməyib. Necə düşünürsünüz, uzun illərdir, hakimiyyətlə münasibəti soyuq olan müxalifət nümayəndələrinə hansı vəzifə verilər? 

-Mən sizə bir söz deyim də, müxalifətin niyyəti vəzifəyə gəlib, pul qazanmaq olmamalıdır. Düzdür, hamısı ailəsini saxlamalıdır, dolanmalıdır. Hakimiyyət də ədalətli mülkiyyət bölgüsü eləməlidir. Mən heç vaxt düşünməmişəm ki, hakimiyyətdə vəzifə alım, biznes imkanları qurum, pul qazanım. İndi narazı deyiləm, şükr Allaha 22 il işsiz qalandan sonra əməkhaqqı alıram, partiyam dövlətdən maliyyə alır. Amma bu, hər şey deyil, 6 bacımın övladları var, hamısı işsizdir. Mən heç vaxt hökumətlə alverə getməmişəm, amma real vəziyyətə uyğun fəaliyyət aparmağın tərəfdarı olmuşam. Hesab edirəm ki, aşağıdan inqilab faciələrə səbəb olur, amma yuxarıdan inqilabla dəyişikliyə nail olmaq mümkündür. Ona görə də hesab edirəm ki, bütün siyasi qüvvələr ölkə başçısına dəstək olmalıdır ki, islahatlar bütün sahələr üzrə həyata keçsin və müsbət nəticəsini versin. Müxalifət elə bilməsin ki, hakimiyyəti idarə etmək asandır. Ona görə də qüvvələri birləşdirmək lazımdır. Əgər təmiz adamsansa, niyyətin xalqa xidmətdirsə, hazırda gedən prosesə dəstək verməklə də, xalqa xidmət edə bilərsən. Yox, əgər fərqli fikirdəsənsə, ona nail ola bilməyəcəksən.