1960-cı illərdə Azərbaycan SSR-nin iqtisadiyyatı yoxsul, primitive və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85%-i yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış respublika vəziyyətinə düşmüşdü. Belə bir şəriatdə SSRİ rəhbərliyində Azərbaycan SSR-nin özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyaları müzakirə olunurdu. Əhali də yoxsul yaşamaqdan bezmişdi artıq. 1969-cu ildə ulu öndər Heydər Əliyev belə bir Azərbaycana rəhbər təyin edildi.

15 il sonra artıq Azərbaycan SSRİ respublikalari içərisində ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elti-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. Kənd təsərrüfatı, elmi-texniki sənaye, kadr potensialı, neft sənayesində ciddi nailiyyətlər əldə edilmişdi. Xəzər dənizində aparılmış kəşfiyyat işləri Azəbaycanın nəhəng neft yataqlarına sahib olduğunu üzə çıxarmış, inşa edilən Dərin Özüllər Zavodu Azərbaycana bu yataqlardan müstəqil şəkildə faydalanmaq imkanı yaradırdı və s.

1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhədən təmin edə bilən hala gəlmişdi. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 min rubla bərabər olmuşdu.  1980-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.

Amma bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək inamı yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və müstəqil inkişafına artıq hər kəs inanırdı. 80-ci illərin ortalardan başlayaraq əksər azərbaycanlılarda oxşar bir fikir formalaşmağa başlamaqdaydı: “Bizim iqtisadiyyatımız zəngindir, zəngin neft ehtiyatlarımız var, özümüz özümüzü təmin edə bilirik. Niyə müstəqil olmayaq?”

Elmi araşdırmalara görə xalqların müstəqillik arzuları onların iqtisadi güc və potensialları ilə birbaşa bağlıdır. Bu cəhətdən əminliklə demək olar ki, 80-ci illərin sonunda Azərbaycanda yaranan milli-azadlıq hisslərində, hayqırtı ilə deyilən “AZADLIQ” kəlməsində Heydər Əliyevin yaratdığı iqtisadi potensialın müstəsna və həlledici payı olub!

Azərbaycan xalqı məhz bu inamla Azadlıq meydanına çıxdı və müstəqilliyini tələb etdi. Onlar məhz bu inamla 20 yanvarda tanklar qarşısında dayandılar və müstəqilliyini əldə etdilər.

80-ci illərin sonu və 90-cı illərin əvvəli Azərbaycan iqtisadiyyatı yenidən dağılmağa, iflas olmağa başlamışdı. Azərbaycanın səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində iqtisadiyyatın hər il orta hesabla 20% azalması, 1700%-lik inflyasiya, milli valyutanın 226 dəfəlik devalvasiyası, kənd təsərrüfatı istehsalının iflası və digər amillər müharibə edən ölkəni dağılmaq həddinə gətirib çıxardı. Ölkə parçalandı, dövlət hakimiyyəti və onun atributları yox olmağa başladı. Bu şərait isə azərbaycanlılarda müstəqil ola bilmək imkanına olan inamı azaltmağa başladı.

Belə bir şəraitdə Azərbaycana dönən ulu öndər ilk öncə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən bu günkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, müstəqilliyimiz və azaqlığımız əbədidir!    

Tahir Mirkişili,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri