“Son vaxtlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edirəm və bu işi peşəkarlıqla görən məsul şəxslərə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, sərt cəza tədbirləri davam etdirilməlidir”. 

Bu fikirləri Unikal.org.a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, 2018-ci ildən bəri həyata keçirilən islahatlar artıq ən pik nöqtəsinə çatıb: “Biz indiyə kimi müxalifət olaraq, ölkədə islahatların aparılmasının vacibliyini vurğulayırdıq. Cənab Prezidentin son bir neçə ildə həyata keçirdiyi islahatları xüsusi vurğulamaq lazımdır. Hökumətin tərkibinin dəyişməsi, uzunömürlü nazirlərin yola salınması gözlənilən dəyişikliklərdən idi. Son dövrlər isə daha kəskin tədbirlər həyata keçirlir. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar da bu islahatın bir hissəsidir. Prezident öz çıxışlarında məmurlara xəbərdarlıq edirdi, amma görünən odur ki, nəticə çıxarmadılar. Qanunsuzluqlara, rüşvətxorluğa, özbaşınalığa davam edən yerli icra hakimiyyəti başçılarına qarşı daha sərt mübarizə qərarı verildi. Əməliyyat zamanı ortaya çıxan faktlar bu məmurların nə qədər çirkaba batdıqlarını göstərdi. Hesab edirəm ki, bu istiqamətdə tədbirlər davam etdirilməlidir”.

Millət vəkili onu da qeyd edib ki, DTX-nın son əməliyyatı onu göstərir ki, mərkəzi icra hakimiyyəti orqanlarına qarşı da ciddi addımlar atılacaq: “Artıq Mədəniyyət Nazirliyində əməliyyat keçirilib və həbslər var. Prezident son çıxışında mərkəzi icra hakimiyyəti orqanlarından müəyyən siqnalların gəldiyini və araşdırmalar aparıldığını bəyan etdi. Hesab edirəm ki, artıq ən yüksək səviyyədə islahatların aparılacağı və sərt tədbirlərin həyata keçiriləcəyi qaçılmazdır”.

Murad İbrahimli