Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən Unikal.org-a məlumata görə, daxil olan məlumat əsasında Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi mənzilə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.