Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsi gündəmdən düşmür. Erməni baş nazirə Azərbaycan cəmiyyətinin sərt təpkisi var. Son olaraq, Rəsulzadənin qurucusu olduğu Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bununla bağlı facebook səhifəsində “Siyasətdə və dövlət idarəetməsində təsadüfi fiqur" başlığı ilə məqaləsin paylaşıb.

Unikal.org həmin statusu təqdim edirik:

"Babasının faşist ordusunda xidmət etməsini gizlədən, Q.Njde və nasistlərlə əməkdaşlıq etmiş digər soydaşlarını qəhrəman kimi təqdim etməsi ifşa olunan Ermənistan baş naziri N.Paşinyan çıxış yolunu Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusu M.Ə.Rəsulzadəyə böhtan atmaqda, onu faşist rejimi ilə əməkdaşlıqda ittiham etməkdə görüb.
Paşinyanın bu yalanına həm ziyalılarımız, tarixçi alimlərimiz, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilərimiz tutarlı cavablar vermiş, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyyatl elmi sübutlarla darmadağın etmişlər.

Mən məsələnin başqa bir cəhətinə diqqəti cəlb etmək istəyirəm.

2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi.
Lakin yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə, "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarının və "Ümumi Qafqaz Evi" ideyasının əsas müəllifi M.Ə.Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”.