Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatları və 60 qutu tibbi ləvazimatlar aşkar edilib.

Bununla belə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "DAF" markalı nəqliyyat vasitəsilə ilə yük aparan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində olan şalvarın sol cibindəki siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.