İraqın “ashurnews”, “sow-raf. blogspot”, “sindibad news” “İraqi.dk malseyasia” saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar məqalələr dərc olunub.

Unikal.org Azərbaycanın İraqdakı səfirliyinə istinadla xəbər verir ki, məqalələrdə Cümhuriyyətin yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd olunub ki, 1920-ci ilin 28 mayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətində Avropa dövlətlərindən əvvəl qadınlara səsvermə hüququ verilmişdi. 23 ay ərzində 150-dən çox qanun qəbul edilmiş və mütərəqqi idarəçiliyə nail olunmuşdu.

Diqqətə çatdırılıb ki, XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı bir sıra xarici təzyiqlərə məruz qaldı və Dağlıq Qarabağ bölgəsi işğal edildi. 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət dəyişdi. Məhz Heydər Əliyev erməni işğalının qarşısını alaraq problemin beynəlxalq müstəviyə çıxmasına nail oldu. Müasir müstəqil Azərbaycan dövləti yenidən qurularaq bugünkü inkişaf səviyyəsinə gəlib çatdı. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxara bildi.

Materiallarda Azərbaycanda həyata keçirilən geniş siyasi və iqtisadi islahatlardan da bəhs olunub. Vurğulanıb ki, Cümhuriyyətin siyasi varisi olan müasir Azərbaycan Respublikasında çoxpartiyalı parlament formalaşıb, söz və mətbuat azadlığı təmin edilib. Azərbaycan bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutub.