Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

Unikal.org-un xəbərinə görə, bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər:

"Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir".

11:55

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. 

Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb. 

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.