Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspress marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%) azalması müşahidə edilıb.

Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

"İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik", - deyə qurum bəyan edib.