Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Azərbaycanın Respublika günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.

Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyindən Unikal.org-a verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanıb.

Sənəddə həmçinin Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilib.

Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunub.