Minneapolis şəhərində polisin kobud davranışları nəticəsində ölən Corc Floyd COVID-19-a yoluxubmuş.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu, mərhum afroamerikalının qohumlarının israr etdiyi təkrar ekspertizanın nəticələrindən aydın olub.

Həkimlərin dediyinə görə, C.Floyd aprel ayında koronavirus infeksiyasına yoluxub. Lakin Minnesota ştatının Hennepin dairəsinin məhkəmə-tibb idarəsinin hesabatına görə, koronavirus C.Floydun ölümünə təsir göstərən amil olmayıb.

Qeyd edək ki, C.Floydun dəfni iyunun 9-da Hyustonda qapalı şəkildə keçiriləcək.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.