"Koronavirusa qarşı mübarizə tədbirləri ölkəmizdə pandemiyanın tüğyan etdiyi vaxtda uğurla həyata keçirildi. Nəticə etibarı ilə ölkəmiz ən sabit ölkələrdən biri sayılmışdır".

Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Unikal.org-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan dövləti koronavirusla mübarizədə təkcə milli deyil, eyni zamanda regional və qlobal miqyasda uğurla çıxış edib:

"Bildiyiniz kimi, 30-a yaxın ölkəyə də Azərbaycan dövləti tərəfindən yardımlar edilib. Son yumşalma tədbirlərindən sonra isə biz görürük ki, insanlarda bu virusun tamamilə yox olması ilə bağlı fikirlər yarandı. Bəziləri hətta deyirdilər ki, bu virus heç yoxdur, hansısa böyük dövlətlərin siyasi oyunlarıdır. Bəziləri isə deyirdilər ki, "Covid-19" infeksiyası mənə heç nə edə bilməz. Beləliklə, məsuliyyətsiz insanlarımızın ucbatından biz gördük ki, yumşalma tədbirləri həyata keçirildikcə infeksiyanın yoluxma halları daha da artdı. Ötən gün isə daha bir anti-rekord oldu. 325 yeni yoluxma halı oldu, eyni zamanda 5 vətəndaşımız öldü. Bu çox pis haldır.

Biz görürük ki, günü-gündən yoluxma halları daha da çoxalır. Təbii ki, ilk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargah da vurğulamışdır ki, Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Bununla bağlı həm aztəminatlı ailələrə, həm də sahibkarlara dövlət dəstəyi tədbirləri həyata keçirildi.

Yumşalma rejimi başladıqdan sona məsuliyyət daha çox Azərbaycan vətəndaşı üzərinə düşürdü. Sadaladığım amillər də onu göstərdi ki, əksəriyyət sosial məsuliyyətini anlamadı. Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əməl olunmaması nəticəsində belə hallar baş verib. Təbii ki, ötən gün keçirilən brifinqdə belə bir təklif oldu ki, həftə sonları tamamilə evdən çıxmaq halalrının qarşısı alınsın. İnsanalrımız izolyasiya qaydalarına əməl edərək evlərində qalsınlar. Mən bunu yüksək qiymətləndirirəm. Bir daha qeyd edirəm ki, əgər Operativ Qərargah görsə ki, təkcə şənbə-bazar günlərinə məhdudiyyət qoyulmaqla yenə də yoluxma halları çoxalır, yəqin ki gələcəkdə daha çox məhdudiyyətlər qoyulacaq.

Hər bir Azərbaycan vətəndaşı yaxşı başa düşməlidir ki, yoluxma hallarının azaldılması üçün hər kəs öz sosial məsuliyyətini dərk etməlidir və Nazirlər Kabineti yanında Operativ Qərargah qoyduğu qaydalara birmənalı olaraq əməl olunmalıdır. Əgər əməl olunmasa və insanlarımız əvvəlki kimi məsuliyyətsiz yanaşsalar, karantin qaydaları yenidən sərtləşdirilə bilər. Azərbaycan vətəndaşının sağlamlığının qorunması üçün daha ciddi, daha sərt karantin qaydaları tətbiq oluna bilər."

Murad İbrahimli