97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də  Goranboy rayonununda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib. 

Yeni Azətbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, partiyanın fəalları və yerli ictimaiyyətin nümayəndələri  iştirak edib. 

Unikal.org xəbər verir ki, Milli Məclisinin deputatı Ağalar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə seçicilərə ətraflı məlumat verib. Millət vəkili müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində bölgələrdə, o cümlədən Goranboy rayonununda aparılan quruculuq və abadlıq işlərini vurğulayıb.

Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. 
Millət vəkili Milli Məclisdə qəbul olunan “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun mahiyyəti barədə seçicilərinə ətraflı məlumat verib, pandemiya dövründə karantin rejiminin digər tələbləri ilə yanaşı vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsinin zəruriliyini və buna əməl olunmadığı təqdirdə müxtəlif məbləğlərdə cərimələrin tətbiqinin labüdlüyünü  bildirib.

Görüşdən sonra bir qrup seçici  deputat tərəfindən fərdi qaydada qəbul olunub və onların social-məişət məsələləri ilə bağlı müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda əhalinin bəzi kommunal xidmətlərlə təchizatında  mövcud olan problemlərin aradan qaldırılması istiqamətlərində rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.

Görüşün və qəbulun iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.