Koronavirus pandemiyasına görə erkən başa çatdırılan Fransa çempionatı yenidən məhkəməlik olub.

Unikal.org xəbər verir ki, Lion “Olimpik”i və “Amyen” Liqa 1 rəhbərliyinin 2019/20 mövsümünü bərpa etməsini tələb edir.

Fransa mətbuatının yaydığı məlumata görə, artıq məhkəmənin ilk iclası da olub. Sözügedən klubların prezidentləri həmin iclasda iştirak ediblər və iddialarını səsləndiriblər.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Fransa çempionatı sona 10 tur qalmış ölkədəki karantin rejimi ilə əlaqədar vaxtından öncə başa çatdırılıb və lider PSJ çempion elan olunub. Lion “Olimpik”i avrokuboklara vəsiqə qazana bilmədiyinə, “Amyen” isə elitanı tərk etdiyinə görə bu qərardan narazı qalıb. Onlar bu qərarın ləğv olunmasını, mövsümün idman prinsipləri əsasında başa çatdırılmasını istəyirlər. Liqa 1 rəhbərliyi isə sözügedən klubların tələbləri ilə razılaşmır. Təşkilatçılar bütün klubların yeni mövsümə hazırlaşmasını tövsiyə ediblər. Hətta iyunun 8-dən etibarən bu ölkədə transfer pəncərəsi də açıq elan olunacaq.

Xatırladaq ki, Liqa 1-in mövsümün bitməsi barədə qərarından dərhal sonra “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları məhkəməyə müraciət etsə də, Paris məhkəməsi bu etirazı rədd etdiyini açıqlamışdı.