“Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarının təşkil etdikləri qondarma seçkilərin, o cümlədən “prezident” seçkilərinin dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatlar tərəfindən tanınmaması Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir”.
Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycan informasiya blokadasına düşmüşdü və beynəlxalq ictimaiyyətdə münaqişə haqqında obyektiv məlumat yox idi. Ü.Quliyev deyib ki, həmin dövrdə Dağlıq Qarabağla bağlı informasiyaları əsasən erməni lobbisi və onlara yaxın olan Kütləvi İnformasiya Vasitələri yayırdılar: “Təbii ki, onlar reallığı gizlədirdilər və xəbərləri təhrif edirdilər. Məqsəd isə münaqişəyə başqa don geyindirmək, Ermənistanın işğalçılıq siyasətini dünyadan gizlətmək və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq idi. Dünyada erməni lobbisi və onların havadarları güclü olduğuna görə 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanla informasiya müharibəsində böyük üstünlük qazanmışdı. Dünyanın əksər ölkələrində, beynəlxalq qurumlarında münaqişə haqqında dəqiq və obyektiv məlumat yox idi, hamı elə bilirdi ki, guya Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı müharibə aparır, onları qırır və s. Dünyanın Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən, 1 milyona yaxın azərbaycanlının doğma yurdlarının silah gücünə qovulmasından, onların mülklərinin talan edilməsindən, evlərinin yandırılmasından, minlərlə mülki şəxsin qətlə yetirilməsindən, girov götürülməsindən, hətta Xocalı soyqırımından xəbəri yox idi”.
Milli Məclisin deputatı vurğulayıb ki, lakin Ermənistan bu üstünlüyünü uzun müddət davam etdirə, Azərbaycanı informasiya blokadasında saxlaya bilməyib. Onun fikirincə, 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddət ərzində Ermənistanın, erməni lobbisinin və onların havadarlarının bu fəaliyyətinin qarşısını ala, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdıra bildi: “Ulu öndərin güclü liderlik qabiliyyəti, dünyanın siyasi liderləri arasında olan böyük nüfuzu, ağıllı diplomatik addımları nəticəsində münaqişə ilə bağlı reallığı dünya ictimaiyyətinə çatdırmaq mümkün oldu. Artıq 1990-cı illərin ortalarında beynəlxalq aləmdə işğalçı ilə işğala məruz qalan ölkənin hansı olduğunu bilirdilər. Hamıya aydın idi ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrilib. Ulu öndərin tapşırığı ilə Azərbaycana səfər edən dövlət başçılarının, hökumət rəhbərlərinin, nazirlərin, beynəlxalq təşkilatların sədrlərinin çadır şəhərciklərinə, məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalara səfərləri təşkil olunurdu və onlar öz gözləri ilə real vəziyyəti görürdülər, azərbaycanlıların məhz Ermənistanın işğalı nəticəsində doğma evlərindən didərgin salındıqlarının, ağır durumda yaşadıqlarının şahidi olurdular”.
Ü.Quliyev söyləyib ki, məhz bundan sonra dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibət dəyişməyə və beynəlxalq qurumlar Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qərar və qətnamələr qəbul etməyə başladılar: “Cənab İlham Əliyevin 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etməsi və 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi ilə bu sahədə əsl dönüş oldu. İndi demək olar ki, dünyanın bütün beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Həmin sənədlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalı pislənilib”.
Deputat hesab edir ki, bütün bunların nəticəsində hazırda Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçıları küncə sıxışdırılıb: “Erməni separatçıları guya “Dağlıq Qarabağ Respublikası” adlı “dövlət” qurublar və onun “müstəqilliyini” elan ediblər. Amma bu “müstəqilliyi” dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilat tanımır. Heç vaxt da tanımayacaq. Eyni zamanda onlar bir neçə ildən bir “seçki” adı altında şou təşkil edirlər. Bu “seçkiləri” də heç bir dövlət və beynəlxalq təşkilat tanımır və bu mövqelərini açıq formada bəyan edirlər. Bunu Azərbaycanın diplomatik uğuru saymaq olar.  
Cənab Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı ilə görüşdə qondarma Dağlıq Qarabağ Respublikasının xunta rejiminin martın 31-də keçirdiyi “prezident və parlament”, aprelin 14-də keçirdiyi “prezident” (ikinci tur) seçkiləri ilə bağlı proqram xarakterli çıxış etdi. Dövlətimizin başçısı vurğuladı ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta “prezident və parlament” seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Cənab Prezident qeyd etdi ki, hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.
Cənab Prezidenti bu nitqi qondarma Dağlıq Qarabağ Respublikasının  xunta rejiminin təşkil etdiyi şouya verilən ən obyektiv qiymətdir. Azərbaycanın işğal altında olan ərazilərində keçirilən sonucu “seçkilərdə” üzə çıxan ən əsas həqiqətlərdən biri də Dağlıq Qarabağda yaşayan sadə ermənilərin həyat və sağlamlıqlarının Ermənistan üçün heç bir önəm daşımamasıdır. Çünki bu seçki şousu koronavirus pandemiyasının dünyanı cənginə aldığı dövrdə keçirildi. Bu elə bir dövrə təsadüf etdi ki, bütün ölkələr vətəndaşlarını koronavirusdan qorumaq üçün sərt tədbirlər həyata keçirirdi, bütün yerli və beynəlxalq tədbirlər təxirə salınırdı. Bir sıra dövlətlər seçkiləri də başqa vaxta ertələdilər. Belə bir vəziyyətdə Ermənistan Dağlıq Qarabağda qondarma seçkilər təşkil etdi, insanları səsvermə adı altında bir yerə topladılar. Məhz bundan sonra Dağlıq Qarabağda yaşayan ermənilər arasında koronavirus yayılmağa başladı. Bütün dünya gördü ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ermənilərini daimi təzyiq altında saxlayır, onlarla kölə və qul kimi davranır”.
Ü.Quliyev bildirib ki, pandemiyanın tüğyan etdiyi bir dövrdə Ermənistanın Dağlıq Qarabağda seçki adı altında şou düzəltməsi təsadüfü deyil. Onun fikrincə, Ermənistan rəhbərliyi uzun illərdir bu münaqişədən və Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilərdən ölkədəki ağır sosial-iqtisadi vəziyyətdən, siyasi böhrandan diqqəti yayındırmaq üçün istifadə edir: “Bu zaman Dağlıq Qarabağdakı ermənilərin ağır sosial durumları, mövqeyi, rəyi, üzləşdikləri təhlükələr qətiyyən nəzərə alınmır. İndi də Ermənistanda vəziyyət ağırdır, baş nazir Nikol Paşinyan verdiyi vədləri yerinə yetirə bilmir, ölkə sosial partlayış və siyasi böhran ərəfəsindədir. Belə olan halda Paşinyan diqqəti ölkədəki durumdan yayındırmaq üçün Dağlıq Qarabağda qondarma seçkilər təşkil etdi. Bu zaman dünyada koronavirus pandemiyasının yayılmasına və Dağlıq Qarabağdakı ermənilərin bir yerə toplaşmaları nəticəsində virusa yoluxa biləcəkləri təhlükəsinə əhəmiyyət verilmədi. Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, özlərini dünyada insan hüquqlarının müdafiəçisi elan edən ölkələr və beynəlxalq təşkilatlar da belə qəddar davranışa reaksiya vermədilər. Qərb ölkələri və təsisatları, o cümlədən Avropa Şurası Parlament Assambleyasından heç bir səs çıxmadı. Onlar bir dəfə də olsun bəyanat vermədilər ki, koronavirus pandemiyasının yayıldığı bir dövrdə belə bir addım atmaq insanların həyatı üçün təhlükəlidir. Hansı ki, həmin dövlətlər və təşkilatlar Azərbaycanda olan ən xırda məsələləri şişirtməyi, bundan ölkəmizə qarşı sui-istifadə etməyi çox sevirlər. Biz hər zaman belə cəhdlərin, Azərbaycanın ikili standartlarla üzləşməsinin şahidi olmuşuq. Koronavirusun dünyanı cənginə aldığı dövrdə Dağlıq Qarabağda seçki adı altında keçirilən şouya münasibət bildirilməməsi beynəlxalq təşkilatların hələ də ikili standartlardan çıxış etdiyini təsdiqləyir. Bunu isə “pandemiya ikili standartı” adlandırmaq olar. AŞPA separatçıların koronavirusun yayıldığı şəraitdə təşkil etdikləri qondarma seçkilərə reaksiya verməməklə bu ikili standartların mərkəzində dayandığını təsdiqləyir”.