Əyalətlərdə nə baş verir?
Əyalətlərdə nə baş verir?

Ağsu aşrımı açıldı, Sabirabada 50 milyon manatın taleyi müzakirə edilib, Mingəçevir SES-də isə partlayış olub

Adətən, ölkə mətbuatı daha çox paytaxtdan yazır. Bunun səbəbi isə Bakıda hadisələrin çoxluğu göstərilir. Lakin bu zaman əyalətlər yaddan çıxır. Elə buna görə də bölgələrin problemləri bir çox hallarda kölgədə qalır. Bunları nəzərə alaraq, vaxtaşırı bölgələrin durumu ilə bağlı vaxtaşırı məlumat verməyə çalışacağıq.

Aran camaatı 50 milyonun
taleyini düşünür

Qeyd edək ki, Kür və Araz çaylarının daşmasından əziyyət çəkən rayonlarımız Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab hələ də 2010-cu ildə baş vermiş təbii fəlakətin bəlasından xilas ola bilmir. İndiyə qədər ayrılmış 300 milyon manatın müəmmalı taleyinin insanların yaralarına məlhəm olmaması da aydın məsələdir. Lakin dövlət başçısı dünən daha 50 milyon manat ayıraraq, həmin bölgənin problemlərinin həllini şərtləndirən sərəncam imzalayıb.
Aran bölgəsinin camaatı bu sərəncamdan sonra hər nə qədər ümidlənsələr də, yadlarına bundan əvvəlki 300 milyon manat söhbəti düşəndə düşünmək məcburiyyətində qalırlar. Daha doğrusu, onlar yenicə ayrılmış 50 milyon manatın taleyinin necə olacağından əndişəlidirlər. Bəziləri isə düşünür ki, bu pullar yenə də təyinatı üzrə sərf olunmayacaq. Əksinə, yerli icra başçıları və ya məmurların güdazına gedəcək.
Dünən isə aldığımız xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabadda müşavirə keçirib. Müşavirədə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarının icra başçıları iştirak ediblər. Məlumata görə, müşavirənin əsas müzakirə mövzusu martın 29-da ölkə başçısının 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalaması və əlavə 50 milyon manatın ayrılması olub.

Eldar Əzizovun
sarı rəng sevgisi

Ölkənin ikinci ən böyük şəhərlərindən biri olan Sumqayıtda isə şəhəri sarı rəngə boyamağa başlayıblar. İcra başçısı Eldar Əzizovun birbaşa göstərişi əsasında həyata keçirilən prosesə əsasən binaların fasadları sarı rəngdə olmalıdır. Artıq bir neçə bina sınaq məqsədi ilə qeyd olunan rəngə boyanıb.
Bu barədə verilən məlumatda deyilir ki, Eldar Əzizov bu addımı ilə digər rayon və şəhərlərin rəhbərlərindən fərqlənmək istəyir. Həmçinin onun Gəncədə də belə bir eksperiment keçirmək istəyi olub. Lakin vaxt azlığından istəyini reallaşdıra bilməyib.
İndiyə qədər Sumqayıtda bu tipli rənglərdən istifadə olunmaması isə əhalidə mənfi təəssürat yaradıb. Hətta o da iddia olunur ki, Eldar Əzizov bunu qəsdən edir və məqsəd əhalinin əsəblərini qıcıqlandırmaqdır. Çünki sarı rəng heç də əsəblərin sakitləşməsinə imkan vermir. Bəzi psixoloqların fikrincə, sarı rəng psixi problemləri olanlar üçün ciddi problemlər yaradacaq dərəcədə təhlükəlidir.

Qubada tuthatut
davam edir

Qubada martın 1-də baş verəmiş məlum olaylardan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirən Daxili İşlər Nazirliyi və Baş Prokurorluq artıq iki gün öncə bununla bağlı açıqlama yayıb. Həmin açıqlamada isə günahkar qismində Qubanın bələdiyyə sədri göstərilib. Həmin məlumata görə, baş vermiş iğtişaş üzündən 25 nəfər həbs olunub və bundan sonra da həbslərin olacağı gözləniləndir.
Aldığımız məlumata görə, həmin hadisələrdən bir xeyli vaxt keçməsinə baxmayaraq, rayonda tuthatut davam edir. Son həbs dalğası isə yerli refrerilərdən birini "ağuşuna" alıb. Belə ki, Quba hadisələrinə görə həbs olunanlardan biri rayondakı Olimpiya Kompleksinin işçisi, respublika dərəcəli futbol üzrə referi Akif Əliyevdir. Həmin məlumata görə, A.Əliyev üç gün əvvəl hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, Bakıya gətirilib. O, 1 mart hadisələrinin təşkilində təqsirləndirilir.

Ağsu aşrımı açıldı

Ağsu-Yevlax yolunu Bakı ilə birləşdirən əsas magistral yolun sürüşmə nəticəsində sıradan çıxması bir neçə gün davam etsə də, sonradan problem aradan qaldırılıb. Son məlumatlara görə, artıq yol açılıb və sürücülər rahatlıqla bu istiqamətdə hərəkət edə bilərlər.
Ağsu rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov bildirib ki, Baş nazirin müavini Abid Şərifov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov sürüşmə zonasına gəliblər.
Onlar Ağsu aşırımına baxış keçiriblər. Yolun minik avtomobilləri üçün tam açılması barədə qərar verilib və yol açılıb.
Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146-cı km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Mingəçevir SES-də
partlayış

Ölkənin bir başqa şəhəri olan Mingəçevirdə isə dəhşətli partlayış baş verib. Verilən məlumata görə, partlayış Mingəçevir Su Elektrik Stansiyasında olub. İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Mingəçevir şəhər xəstəxansına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Partlayış nəticəsində yaralanan şəxsin Mingəçevir İstilik Elektrik Stansiyasında çalışan Cuma Yusif oğlu Süleymanov olduğu bildirilir. Mingəçevir şəhər xəstəxansının həkiminin bildirdiyinə görə, hadisə zamanı xəsarət alanların sayı çox olub, onların əksəriyyətinə yerindəcə ilkin tibbi yardım göstərilib.
Hadisəyə səbəb Su Elektrik Stansiyasında qır qazanının aşması olub. Ölən şəxsin stansiyanın çilingəri olduğu bildirilir.

Fuad