İyunun 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin halqavarı Günəş tutulması gerçəkləşəcək.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Unikal.org-a verilən məlumata görə, tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Qeyd edəki, 2020-ci ildə növbəti Günəş tutulması dekabrın 14-də baş verəcək və bu, tam Günəş tutulması olacaq.