“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin vaxtında orduda həm peşəkarlığın artırılması, həm müasir silahlarla təchizat, həm də sosial problemlərin həlli sahəsində çox ciddi işlər görüldü”.

Unikal.org xəbər verir ki, bunu Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunda vəziyyət heç də ürəkaçan olmayıb və qeyd edib ki, Azərbaycan Ordusunun formalaşması suverenlik dövründə məhz Heydər Əliyevin adı ilə bağlıdır: “Qısa müddət ərzində Azərbaycan Ordusunda, Silahlı Qüvvələrdə nizam-intizam yüksəldi, milli vətənpərvərlik hissi artdı, düşmənə müqavimət gücləndi və 1994-cü ilin ilk aylarında Azərbaycan Ordusu Ermənistan Ordusuna zərbələr vurmağa başladı, onların hücumunun qarşısı alındı”.

R.Usubov, həmçinin Silah Qüvvələr Günü münasibətilə veteranları təbrik edib: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranlarımızın böyük xidmətləri var. Vətən yolunda, vətənin azadlığı yolunda şəhid olan insanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik”.