Azərbaycanın sərbəst güləş üzrə millisi komandasının üzvü Nurməhəmməd Hacıyevin ittiham edilərək axtarışa verilməsinə səbəb olan qətlin təfərrüatları məlum olub.

Unikal.org xəbər verir ki, bu bardədə Rusiya Federasiyasının İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi açıqlama yayıb. 

Yığmamızın Dağıstan əsilli üzvü ilə birlikdə axtarışa verilən Surakat və Hüseyn Asiyatilovlar Dağıstan Xalq Məclisinin deputatı, Şamil rayonunun sabiq rəhbəri Məhəmməd Asiyatilovun oğullarıdır. Onlar “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir.

İdarədən bildirilir ki, qətl hadisəsi iyunun 23-də Mahaçqalanın mərkəzində baş verib. Hadisənin baş verməsinə səbəb Dağıstanda tanınmış ailələrin təmsilçiləri arasındakı münaqişə olub.

Belə ki, Rusiya vaxtı ilə saat 22:00 radələrində Lenin Komsomolu Parkının ərazisində mübahisə yaşanıb. Abdulbasir Ömərov gözlənilmədən Surakata zərbə endirib. O, bundan sonra öz avtomobili ilə münaqişə yerini tərk edib. 

İstintaqın araşdırmalarına əsasən, zərərçəkən onu vuran şəxsi öldürməyə qərar verib. O, köməyə qardaşı Hüseyni və öz tanışlarını çağırıb, onlardan silahla gəlmələrini xahiş edib. 

Hadisə də bundan sonra baş verib.

Saat 22:40-a yaxın Asiyatilov və Ömərov yenidən görüşüb. Onların görüşü bu dəfə Akuşinski prospektində yerləşən “Mahaçqala Su Kanalı”nın müdiriyyətinin ərazisində baş tutub. Tapança ilə silahlanan Surakat Asiyatilov Ömərovla dalaşıb. Orada olan gənc şəxslər onları ayırıb və barışdırmağa cəhd edib.

İstintaq müəyyənləşdirib ki, həmin anda müəssisənin ərazisinə tapança ilə silahlanmış Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev qaçaraq gəlib. Onlarla birlikdə daha 20-dən artıq adam olub.

İzdihamı görən Ömərov müəssisənin ərazisindən qaçmağa cəhd edib. Amma Asiyatilov qardaşları və Hacıyev Abdulbasirə hücum çəkərək bir neçə dəfə ona atəş açaraq cinayət yerindən qaçaraq gizlənib. Çoxsaylı yaralar alan Ömərov həkimlərin səyinə baxmayara xəstəxanada vəfat edib.

İstintaq tərəfindən Surakat və Hüseyn Asiyatilovlar ilə Nurməhəmməd Hacıyev cinayətdə ittiham olunub. Onlara qarşı qrup tərəfindən öncədən planlaşdırılan qətl törətmək, qanunsuz silah saxlama maddələri üzrə cinayət işi açılıb. Hər üç şəxs barədə axtarış elan olunub.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibidir.