İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada içməli və tullantı su təchizatı məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

“Azərcu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən xəbərə görə, görüşü Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq bildirib ki, altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, parlament icra orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Həmin tövsiyədən çıxış edərək Azərbaycanda su çatışmazlığının yarandığı hazırkı dövrdə bu dinləmə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. “Azərsu” ASC-nin sədri su ilə bağlı məsələlərin geniş müzakirəyə çıxarılmasına şərait yaratdığı üçün Milli Məclisin rəhbərliyinə, sədr Sahibə Qafarovaya təşəkkürünü bildirib.

“Azərsu” ASC-nin sədri qeyd edib ki, hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda, aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir. 

Məruzəsinin yekununda “Azərsu” ASC-nin sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib, qarşıda duran əsas hədəflərdən danışıb.