İran hakimiyyəti Tehranın yaxınlığında qəzaya uğramış Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsində həlak olanların ailələrinə təzminat verməyə razılıq verib.

Unikal.org “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə İsveçin XİN-nin rəhbəri Ann Linde məlumat verib.

Onun sözlərinə əsasən, saziş artıq imzalanıb və yaxın zamanlarda ödənişlərin edilməsi ilə bağlı ilk görüş keçiriləcək.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.